Tədbirdə Universitetin prorektoru İsa Xəlilov tələbələrə Könüllü Gənclər Təşkilatının nümayəndələrini təqdim edib və “Bir Tələbə Könüllü” Proqramının əhəmiyyətindən danışıb.
Daha sonra nümayəndələr təmsil etdikləri Proqram haqqında ətraflı məlumat verib və bildiriblər ki, bu Proqram Azərbaycan tələbələrinin könüllülük fəlsəfəsi, prinsipləri, dəyərləri çərçivəsində dostluq şəbəkəsidir.
Cıxışlarda qeyd olunub ki,adını başlanğıc, dostluq, birlik və həmrəylikdən alan “Bir Tələbə Könüllü” Proqramındakı bir-birindən maraqlı layihə, proqram, tədbirlər bir gəncin arzuladığı bilik və bacarıqları əldə etməyə, digər insanlara yardım əlini uzatmağa imkan yaradacaqdır. Qeyd olunub ki, 2 illik fəaliyyətində təşkilat artıq müəyyən uğurlar əldə edib və genişlənib. Ölkədə keçirilən irimiqyaslı tədbirlərin açılış və bağlanışında könüllü gənclərin əməyi böyükdür.
Proqrama üzv olan tələbə-könüllülərin dünyagörüşünü artırmaq, yeni dostlar qazanmaq və unudulmaz anlar yaşatmaq, tələbəlik həyatını rəngarəng və faydalı keçirmək, fərdi və ictimai fəaliyyətin inkişafına şərait yaratmaq, asudə vaxtı səmərəli təşkil etmək həmin Proqramda qarşıya qoyulmuş başlıca məqsəddir.