Azərbaycan Texniki Universitetinin (AzTU) və AzTU-da yerləşən “Bilişim Vadisi Bakı”nın dəstəyi ilə “Intech Academy”nin təşkil etdiyi "İNNOVATİV HƏLLƏR" hakatonunun qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Mükafatlandırılma mərasimində çıxış edən AzTU-nun maliyyə və təsərrüfat işləri üzrə prorektoru Rəşad Əliyev hakatonla bağlı məlumat verib. Bildirib ki, AzTU-da ilk dəfə keçirilən “İNNOVATİV HƏLLƏR” hakatonunda tələbələr 3 kateqoriya (təhsil, yaşıl texnologiyalar və mobillik) üzrə həllər hazırlayıb və ümumilikdə 8 komanda olaraq təqdimat ediblər. Təkliflər innovativlik, tətbiq edilmə, faydalılıq, dayanıqlılıq, təqdimat bacarığı üzrə geniş çeşidli meyarlara görə peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Münsiflər heyətində AzTU-nun maliyyə-təsərrüfat işləri üzrə prorektoru, Logistika və Nəqliyyat İnstitutunun direktoru, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rəhbəri və KOBİA-nın şöbə müdiri, AzTU-da yerləşən “Bilişim Vadisi Bakı”nın rəhbəri, SmartTech İnnovatorlar Mərkəzinin direktoru ilə yanaşı Strateji inkişaf şöbəsinin əməkdaşı da iştirak edib. Onlar təklifləri və çıxışları geniş meyarlar üzrə qiymətləndiriblər.
Qeyd edək ki, hakatonun nəticələrinə əsasən, “EcoTech” komandası I, “VWind” komandası II, “Sıfırİki” komandası isə III yerə layiq görülüb. “Ən parlaq fikir” nominasiyasının qalibi isə “FeldTech” komandası olub.
İlk 3 yerə layiq görülən komandalar müvafiq olaraq 400, 250 və 200, “Ən parlaq fikir” nominasiyasının qalibi isə 150 manat məbləğində pul mükafatı ilə mükafatlandırılıb. Hakatonun bütün iştirakçılarına iştirakçı sertifikatı təqdim olunub.
2 gün davam edən hakatonda AzTU THİK təşkilati dəstək göstərib. Qeyd edək ki, qalib komandaların ideyalarını startapa çevirə bilməsi üçün Bilişim Vadisi tərəfindən mentorluq dəstəyi veriləcək.