Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Gənclər üçün Prezident mükafatına layiq görülən Metallurgiya və materşünaslıq fakültəsinin məzunu, Vətən müharibəsi iştirakçısı Ayxan Allahverdiyevlə görüşüb.
Görüşdə ölkədə aparılan gənclər siyasəti, xüsusilə Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan söhbət açılıb. Rektor qeyd edib ki, AzTU tələbələri kimi, məzunlar da universitet üçün doğmadır. Məzunların uğurları tələbələr üçün həm nümunədir, həm özünə inamın formalaşması baxımından stimuldur, həm də motivasiyadır.
Rektor Gənclər üçün Prezident mükafatına layiq görülənlər siyahısında Ayxan Allahverdiyevin adının da olmasının universitet üçün qürurverici məqam olduğunu deyib, bu münasibətlə Ayxan Allahverdiyevi təbrik edib və ona gələcək işlərində uğurlar arzulayıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Ayxan Allahverdiyev Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
O, hazırda "Gənc Könüllülər" İctimai Birliyinin sədridir.