Azərbaycan Texniki Universitetinin (AzTU) Rəqəmsal Transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib.
İclasda AzTU-nun rektoru Vilayət Vəliyev "İT əsaslı mühəndis hazırlığı" mövzusunda geniş təqdimatla çıxış edib. O, əmək bazarının tələblərinə uyğun peşəkar kadrların hazırlanması prosesində rəqəmsal transformasiyanın və texnologiyaların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Rektor Türkiyə universitetləri və Türk Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ) ilə əməkdaşlıq çərçivəsində AzTU-da mühəndis hazırlığı istiqamətində tətbiq edilən yeni yanaşmalar, texnologiyalar və rəqəmsal həllər barədə məlumat verib.
Müzakirələr zamanı AzTU -nun Rəqəmsal Transformasiya üzrə Məşvərət Şurasının üzvləri tələbələrdə müasir bacarıqların formalaşdırılması, tədris prosesində rəqəmsal həllərin və texnologiyaların tətbiqi, onlardan effektiv istifadə edilməsi üçün atılacaq addımlar ətrafında təklif və rəylərini bildiriblər.