“Yüksəliş” müsabiqəsi qaliblərinin tələbələrlə Mentorluq proqramı çərçivəsində növbəti görüşü keçirilib. İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Xanbaba Sultanlı proqrama qəbul olunan Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin 4-cü kurs tələbəsi Sənan Veysəlovla tanışlıq görüşü keçirib.
Görüşdə Xanbaba Sultanlı öz bacarıqlarını inkişaf etdirmək, yeni biliklər əldə etmək, karyera hədəflərini düzgün müəyyənləşdirmək barədə atılacaq ilkin addımlardan bəhs edib. Yeni layihələrin uğurlu icrası, innovativ texnologiyalardan istifadə edərək rəqabət qabiliyyətini gücləndirmək məqsədilə aparılan islahatlar barədə məlumat verib, AzTU tələbəsinin bu mövzuda fikirlərini dinləyib. O, Mentorluq proqramının gələcək gedişatı ilə əlaqədar atılacaq addımları bölüşüb.
AzTU tələbəsi Sənan Veysəlov isə öz növbəsində ixtisas artımı istiqamətində yararlı olacaq layihələrdə iştirak etməkdə maraqlı olduğunu qeyd edib, Mentorluq proqramı çərçivəsində yaradılan imkana və səmimi görüşə görə təşəkkürünü bildirib.
Tələbələr üçün Mentorluq proqramının əsas məqsədi 3-cü və 4-cü kurs tələbələrinin “Yüksəliş” müsabiqəsinin qaliblərinin idarəçilik təcrübəsindən yararlanmasını və gələcək karyera fəaliyyəti ilə bağlı tövsiyələr almasını təmin etməkdir. Mentorluq proqramının sonunda “Yüksəliş” müsabiqəsinin qalibləri tərəfindən tələbələrə tövsiyə məktubu təqdim ediləcək. “Yüksəliş” müsabiqəsinin təşəbbüsü ilə start götürən proqrama 65 nəfər tələbə qəbul olunub. Seçim tələbələrin tərcümeyi-halı və motivasiya məktublarına əsasən həyata keçirilib. Proqramın 2024-cü ilin iyun ayının sonunadək davam etməsi gözlənilir.
Onu da bildirək ki, tələbələrin tərcümeyi-halı və motivasiya məktublarının seçim üçün Mentorluq proqramına göndərilməsi AzTU-nun Karyera və Məşğulluq Mərkəzi tərəfindən həyata keçirilir.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.