Azərbaycan Texniki Univeristetinin (AzTU) tərəfdaşı olduğu Erasmus+ KA2 proqramı çərçivəsində yerinə yetirilən “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti, risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı, peşə magistr hazırlığı” (LMQS) layihəsi üzrə təlimlərə start verilib.
Təlimlər layihənin koordinatoru Qərbi Attika Universitetinin təşkilatçılığı ilə Yunanıstanın Afina şəhərində keçirilir.
Tədbirdə AzTU-nu Beynəlxalq əlaqələr üzrə prorektor Sübhan Namazov, rektorun müşaviri Fariz Məmmədov və layihənin əlaqələndiricisi, professor Həsən Hüseynov təmsil edir.
Təlimdə Azərbaycanda menecment (səhiyyə xidmətlərində keyfiyyətin idarə olunması) ixtisaslaşması üzrə yeni magistr proqramının yaradılması ilə bağlı Avropa təcrübəsi öyrənilir. Eyni zamanda, bu sahədə müasir təcrübənin ölkəmizdə tətbiqi üçün Avropada səhiyyə xidmətlərinin keyfiyyətinə nəzarət, onun qiymətləndirilməsi, sertifikatlaşdırılması və səmərəliliyinin müəyyən edilməsi metodlarının öyrənilməsi və tədris prosesində tətbiqi istiqamətində müzakirələr aparılır.
Təlim və müzakirələrdə Azərbaycandan layihənin tərəfdaş universitetləri olan İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı və Naxçıvan Dövlət Universitetinin nümayəndələri də iştirak edirlər.