Kibertəhlükəsizlik İnstitutu

Kibertəhlükəsizlik İnstitutu haqqında

Kibertəhlükəsizlik İnstitutu Azərbaycan Texniki Universitetinin (bundan sonra – AzTU) Elmi şurasının 3 fevral 2021-ci il tarixli qərarına əsasən AzTU-nun rektorunun 8 sentyabr 2021-ci il tarixli 325 Ş(s) №li əmri ilə yaradılıb.

İnstitutun məqsədi:

İnstitutun yaradılmasının məqsədi qabaqcıl elmi və texnoloji prinsiplərə əsaslanan yeni nəsil kibertəhlükəsizlik texnologiyalarının formalaşmasına və inkişafına töhfə vermək üçün tətbiqi və fundamental tədqiqatlar aparmaq və yeni təhlükəsizlik həlləri təklif etməkdir.

İnstitutun əsas fəaliyyət istiqamətləri:

İnstitut bu məqsədə nail olmaq üçün aşağıdakı fəaliyyət istiqamətlərinə fokuslanır:

·   Dövlət və özəl sektor təşkilatları tərəfindən sifariş edilmiş elmi-tədqiqat işlərini yerinə yetirmək üçün yerli və zəruri hallarda xarici təşkilatlarla əməkdaşlıq çərçivəsində fundamental və tətbiqi tədqiqatların aparılması;

·   AzTU-da kibertəhlükəsizlik sahəsində aparılan elmi-tədqiqat işlərinin dəstəklənməsi və koordinasiyası;

·   Kibertəhlükəsizlik üzrə aparıcı mütəxəssislərin AzTU-da tədqiqat işlərinə cəlb edilməsi, bu sahədə yüksək ixtisaslı tədqiqatçı kadrların hazırlanması;

·   Kibertəhlükəsizlik sahəsində innovativ xarici texnologiyaların, tədqiqat və inkişaf fəaliyyətlərinin izlənilməsi və ölkədə tətbiq imkanlarının axtarışı;

·   AzTU-da kibertəhlükəsizlik sahəsində təhsilin təşkilinə dəstək verilməsi, o cümlədən bakalavriat və magistratura tədris proqramlarının təkmilləşdirilməsi;

·   Kibertəhlükəsizlik üzrə müxtəlif səviyyəli təhsil, təlim və peşəkar inkişaf proqramlarının hazırlanması və həyata keçirilməsi;

·   Kibertəhlükəsizlik infrastrukturun qurulması sahəsində çalışan yerli müəssisə və təşkilatlara məsləhət və elmi ekspertiza xidmətlərinin göstərilməsi;

·   Kibertəhlükəsizlik sahəsində həyata keçirilən beynəlxalq və yerli layihələrdə, simpozium və konfranslarda iştirak.