Azərbaycan Texniki Universitetinin Mühəndis riyaziyyatı və süni intellekt’ kafedrası haqqında
ƏSASNAMƏ
1. Mühəndis riyaziyyatı və süni intellekt kafedrası AzTU-nun İnformasiya və Telekammunikasiya Texnologiyaları fakültəsinin əsas tədris, elmi struktur bölməsi olub, bir sıra fənlər (nəzəriyyələr) üzrə tədris, metodiki, elmi-tədqiqat, elmi-pedaqoji və elmi işçilərin hazırlanması, yenidən hazırlanması, təhsil alanlar arasında müasir tələblərə uyğun işçiləri həyata keçirir.
2. Kafedranın fəaliyyəti elm və təhsil sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi, AzTU-nun Nizamnaməsi və bu Əsasnamə ilə tənzimlənir.
3. Bu Əsasnamə AzTU-nun Elmi Şurasının qərarı əsasında rektor tərəfindən qəbul edilir və qüvvəyə minir.
4. Bu Əsasnaməyə əlavələr və dəyişikliklər kafedranın təqdimatı əsasında AzTU-nun Elmi Şurasında müzakirə edilərək qəbul edilir, rektor tərəfindən qəbul edilərək qüvvəyə minir.
5. Mühəndis riyaziyyatı və süni intellekt kafedrasına ümumi rəhbərlik, bir qayda olaraq elmlər doktoru, professor və ya elmlər doktoru elmi dərəcəsi və elmi rütbəsi olan kafedra müdiri tərəfindən həyata keçirilir. Kafedra müdirinin ayrı-ayrı sahələr üzrə (tədris, elmi, tərbiyə və s.) ictimai əsaslarla müavinləri olur.
6. Mühəndis riyaziyyatı və süni intellekt kafedrasının kollektiv idarəetmə orqanı onun iclasında öz səlahiyyətlərini həyata keçirən kafedra kollektividir. Kafedra iclaslarının tərkibi müzakirə olunan məsələlərə əsasən müəyyən edilir. Kafedranın iclasları zərurət olduqda həftə ərzində çağrılır (məzuniyyət dövrü istisna olmaqla).
7. Mühəndis riyaziyyatı və süni intellekt kafedrasının tərkibinə kafedra müdiri, professorlar, dosentlər, məsləhətçilər, baş müəllim,müəllim və assisentlər, doktorantlar və başqa kateqoriyadan olan işçilər daxildir.
8. Kafedra gənc alim və tədqiqatçıları respublika və beynəlxalq səviyyəli elmi konfrans, seminar, qurultay, forum, sərgi və digər tədbirlərdə iştiraka cəlb edir.
9. Mühəndis riyaziyyatı və süni intellekt kafedrasının əsas məqsədi və vəzifələri:
- bütün təhsil formaları üçün tədris planlarına əsaslanaraq mühazirələrin, laboratoriya, praktik və seminar məşğələləri və başqa dərslərin yüksək elmi nəzəri səviyyədə aparılması;
- AzTU-da, respublikanın və xarici ölkələrin elm və tədris müəssisələrində elmi tədqiqat və innovasiya fəaliyyəti üzrə müsbət təcrübəni öyrənir, təhlil edir, ümumiləşdirərək yayılmasını və tətbiq edilməsini təşkil edir.
- kurs və diplom işlərinə (layihələrinə), istehsalat və başqa təcrübələrə, tələbələrin sərbəst dərslərinə rəhbərlik edilməsi;
- kurs imtahanlarının keçirilməsi;
- dövlət imtahanlarının təşkili və keçirilməsi;
- təhsil alanların arasında tərbiyə işinin təşkili;
- kafedrada tədris edilən fənlər (bölmələr) üzrə tədris proqramlarının hazırlanması və təsdiq üçün təqdim olunması, eyni zamanda başqa kafedralarının hazırladıqları tədris proqramlarına rəy verilməsi;
- dərslik, dərs vəsaitləri, metodik rəhbərlik və göstərişlər, əyani vəsaitlər və s. hazırlanması, rektorluğun (ya fakültənin) göstərişi ilə dərslik, dərs vəsaiti və tədris metodiki ədəbiyyata rəy verilməsi;
- elmi-tədqiqat işlərinin aparılması, tələbələrin elmi-tədqiqat işlərinə rəhbərlik edilməsi;
- elmi-tədqiqat işlərinin müzakirəsi və nəşr edilməsi üçün rəy verilməsi;
- kafedra əməkdaşlarının tədris, elmi-metodiki və digər işlərinin fərdi planlarının hazırlanması və həyata keçirilməsi;
- müəllimlərin işçi tədris planlarının hazırlanması;
- tədris prosesində müasir texniki vasitələrdən istifadə edilməsinə dair tədbirlər hazırlanıb həyata keçirilməsi;
- kafedra əməkdaşlarının , həmçinin rektorluğun (fakültənin) tapşırığına əsasən digər iddiaçıların dissertasiyalarının müzakirə edilib rəy verilməsi;
- pedaqoji sahələrdə çalışan mütəxəssislərin ixtisaslarının artırılmasına köməklik göstərilməsi;
- məzunlar və kafedranın doktorantları ilə əlaqələrin təşkil edilməsi.
10. Mühəndis riyaziyyatı və süni intellekt kafedrasının iclaslarına başqa ali məktəblərin, elmi-tədqiqat institutlarının, müəssisə və təşkilatların işçiləri də dəvət oluna bilər.
11. Mühəndis riyaziyyatı və süni intellekt kafedrasının iclaslarında aşağıdakı məsələlər müzakirə edilir və təsdiq edilir:
- kafedranın bütün fəaliyyət növləri üzrə, eyni zamanda müəllimlərin, elmi, tədris-yardımçı heyətin, doktorantların staj keçənlərin və fərdi planla təhsil alan tələbələrin plan və hesabatları;
- kafedra tərəfindən tədris olunan kurslar üzrə tədris vasitələri, proqramlar, imtahan materialları;
- müəllimlərin tədris yükü və tədris yükünün bölunməsi;
- kafedra tərəfindən təşkil edilən seminarların, konfransların, sərgilərin və s. tematikası;
- kurs və diplom layihələrinin tematikası, rəhbərlərin və rəy verənlərin təyini, layihələrin müdafiəyə buraxılması;
- elmi və metodiki işlərin nəşr olunma qaydalarına dair təqdimatların verilməsi;
- öz səlahiyyətləri daxilində xarici ölkələrə, staj keçməyə və ixtisasartırma fakültələrinə ezam etmək, doktoranturaya keçirmək, yaradıcıllıq məzuniyyətləri vermək;
- öz səlahiyyətləri daxilində sərəncamda olan və ya məqsədli ayrılmış vəsaitin tədris, elm və sosial tələblərə xərclənməsi.
12. Mühəndis riyaziyyatı və süni intellekt kafedrası qarşısında duran vəzifələri yerinə yetirmək üçün öz səlahiyyətləri daxilində başqa məsələləri də müzakirə edib müvafiq qərar çıxara bilər. Kafedra iclasında qəbul olunan qərarlar barədə fakültənin elmi şurasına, zərurət olduqda isə ali məktəb rektorluğuna və elmi şurasına məlumat verir.
13. Mühəndis riyaziyyatı və süni intellekt kafedrasının iclaslarında aşağıdakı məsələlər barədə təklif, tövsiyə və ya təqdimat qəbul edilir:
- kafedra müdirinin seçilməsi;
- müəllim və elmi işçilərin işə qəbulu, onlarla müqavilə bağlanması, onlara vəzifə maaşı və əlavələrin təyin edilməsi;
- doktoranturaya, magistaturaya qəbul və iddiaçıların kafedraya təhkim olunması;
- dissertasiyaların müdafiəyə qəbul edilməsi;
- universitet və ya fakültə tərəfindən elmi və tədris-metodiki əsərlərin nəşri;
- tələbələrin müəyyən fənlər üzrə fərdi planla təhsilə keçirilməsi;
- işçilərin və təhsil alanların həvəsləndirilməsi və ya cəzalandırılması;
- kafedranın müəllimlərinin, elmi işçilərin və digər əməkdaşlarının tutduqları vəzifədən kənar edilməsi;
- müxtəlif təkliflər.
14. Kafedra iclaslarında qərarlar açıq və gizli səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir.
Tədris-metodiki məsələlərin, kafedra əməkdaşları və işə qəbul olunanlar haqqında təqdimatların müzakirəsi zamanı tədris-tərbiyə prosesində şəxsən iştirak edən kafedra üzvləri həlledici səsə malikdir.
Qərarlar qəbul edilərkən kafedra üzvlərindən birinin təklifi ilə gizli səsvermə aparıla bilər.
15. Kafedra müdiri :
- kafedra iclaslarını çağırır, onlara sədrlik edir, onların qərarlarını təsdiq edir;
- hər il kafedranın fəaliyyəti haqda hesabat təqdim edir;
- kafedranın işini planlaşdırır və təşkil edir, onun fəaliyyətinə rəhbərlik edir;
- fakültədə, universitetdə və kənar təşkilatlarda kafedranı təmsil edir;
- kafedra müdirinin müavinləri vəzifələrinə namizədlər təklif edir;
- kafedranın fəaliyyətinin nəticələrinə görə kafedranın kollektivi, fakültə universitet elmi şuraları və rəhbərlik qarşısında məsuliyyət daşıyır.
16. Kafedra müdirinin müxtəlif sahələr üzrə (tədris, elm,tərbiyə və s.) müavinləri mövcud qaydada seçilir.
17. Kafedranın professor – müəllim və elmi heyətinin vəzifələrə seçilməsi bir qayda olaraq mövcüd Əsasnaməyə uyğun müsabiqə yolu ilə həyata keçirilir.
18. Kafedra kargüzarlığı mövcud qaydada təsdiq edilmiş nomenklaturaya uyğun olaraq aparılır.