AzTU rektoru Naxçıvanda “NASCO29” konfransının açılışında iştirak edib
Naxçıvan Dövlət Universitetinin ev sahibliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş Doktorantların və Gənc Tədqiqatçıların Respublika Elmi Konfransının (NASCO29) açılış mərasimi keçirilib.
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev tədbirdə iştirak edib.
Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini İdris İsayev çıxışında konfransın gənc tədqiqatçılar üçün elmi yeniliklərin müzakirəsi, yeni elmi əlaqələrin qurulması baxımından əhəmiyyətini vurğulayıb. İdris İsayev Prezident İlham Əliyev tərəfindən elm, təhsil və innovasiyanın ölkəmizdə inkişafın əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildiyini bildirib. Rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasının, elmin iqtisadiyyat və sənaye ilə əlaqələndirilməsinin vacibliyi qeyd edilib.
Elmi forumun Azərbaycanın qədim və zəngin elmi-mədəni ənənələrə malik Naxçıvan diyarında keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayan nazir müavini muxtar respublikanın ölkəmizin intellektual və elmi potensialının formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb.
Natiq doktorantura təhsilinin müasir tələblərə uyğun yenilənməsinə də toxunub. Tədqiqat mövzularının aktuallığı, yeni elmi metodların tətbiqi, akademik yazı üslubu və digər müasir elmi bacarıqların inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib. Konfransda təqdim olunan elmi yeniliklərin Azərbaycan elminin inkişafına müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov konfransda çıxış edib. Səlahiyyətli nümayəndə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində elmin inkişafının xüsusi yer tutduğunu bildirib, ölkəmizin sosial-iqtisadi inkişafında və rifahın təmin olunmasında elmin mühüm rolunu qeyd edib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək universitetin NASCO29-a ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib, konfransın ölkədə elmi potensialın bir araya gətirildiyi ən geniş platformalardan biri olduğunu bildirib.
Bildirilib ki, konfransa 123 elm və təhsil müəssisəsindən 1627 elmi iş təqdim olunub. Elmi və texniki komitələrin qiymətləndirməsindən sonra 1382 doktorant, dissertant və gənc tədqiqatçı tərəfindən yazılmış 1028 elmi iş qəbul edilib.
Tədbirdə konfransın tərəfdaş qurumlarına təşəkkür plaketləri təqdim olunub və xatirə fotosu çəkdirilib.
Tədbir Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestrinin konsert proqramı ilə davam edib.
Qeyd edək ki, hibrid (onlayn və əyani) formatda təşkil olunan konfrans 2 gün ərzində 21 zalda, 104 bölmə üzrə öz işini davam etdirəcək.














