Litva universitetinin rektoru AzTU-da olub
Litva Respublikasının Vilnüs Gediminas Texniki Universitetinin rektoru Romualdas Kliukasın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub. Səfər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) Kosmik Akademiyasının dəstəyi ilə təşkil edilib.
Qonaqları salamlayan rektor Vilayət Vəliyev AzTU-nun tədris, tədqiqat və beynəlxalq əməkdaşlıq sahələrində fəaliyyəti barədə ətraflı məlumat verib. Romualdas Kliukas da öz növbəsində bildirib ki, təmsil etdiyi ali təhsil müəssisəsi Azərbaycan universitetləri ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Görüş zamanı universitetlər arasında energetika, nəqliyyat, telekommunikasiya, kibertəhlükəsizlik, kompüter mühəndisliyi və iqtisadiyyat istiqamətində birgə tədris, tədqiqat, habelə müəllim və tələbə mübadilə imkanlarının olduğu və bu istiqamətlərdə fəaliyyətə başlanılmasının zəruriliyi diqqətə çatdırılıb.
Daha sonra qonaqlar AzTU-nun tədris və tədqiqat infrastrukturu ilə tanış olub.












