AzTU
Plagiat və Etika

Antiplagiat və Akademik Dürüstlük Siyasəti

Akademik dürüstlük universitetin fundamental dəyərlərindən biri olmaqla, təhsil və elm sahəsində şəffaflığın, etibarlılığın, məsuliyyətin və etik davranışın əsasını təşkil edir.

Bakı — 2025Təsdiq edib: prorektor S. Namazov

Siyasət Azərbaycan Texniki Universitetinin Elm və innovasiya işləri üzrə prorektoru S. Namazov tərəfindən təsdiqlənib. İmzalı və möhürlü nüsxəni yuxarıdakı düymə ilə PDF formatında aça bilərsiniz.

01Ümumi müddəalar

1.1. Giriş və məqsəd

Azərbaycan Texniki Universitetində (bundan sonra – AzTU) professor-müəllim heyətinin, tədqiqatçıların, tələbələrin və tədris, elmi-tədqiqat, eləcə də inzibati fəaliyyətlə məşğul olan digər şəxslərin riayət etməli olduqları akademik dürüstlük prinsipləri müəyyən edilir. Akademik dürüstlük universitetin fundamental dəyərlərindən biri olmaqla, təhsil və elm sahəsində şəffaflığın, etibarlılığın, məsuliyyətin və etik davranışın əsasını təşkil edir.

Bu Siyasət Azərbaycan Respublikasının qüvvədə olan normativ-hüquqi aktlarına, AzTU-nun Nizamnaməsinə, Strateji İnkişaf Planına və Elmi Şuranın müvafiq qərarlarına əsaslanır.

Bu siyasətin əsas məqsədləri aşağıdakılardır:

  1. 1AzTU-da akademik fəaliyyətin şəffaf, dürüst və etik prinsiplərə uyğun şəkildə həyata keçirilməsini təmin etmək;
  2. 2Tələbələrin, professor-müəllim heyətinin və tədqiqatçıların akademik fəaliyyətində orijinallığın qorunmasını təmin etmək və plagiat hallarının qarşısını almaq;
  3. 3Elmi-tədqiqat işlərinin, dissertasiyaların, buraxılış işlərinin, tədris vəsaitlərinin və digər akademik materialların hazırlanmasında qanunvericiliyə və etik normalara riayət olunmasını təmin etmək;
  4. 4Universitetin və onun akademik heyətinin nüfuzunun qorunmasına və möhkəmləndirilməsinə töhfə vermək;
  5. 5Akademik dürüstlük prinsiplərinin tədris, elmi-tədqiqat və inzibati fəaliyyətlərdə məsuliyyət və etik davranışın əsas göstəricisi olduğunu universitetin bütün üzvlərinə aşılamaq.

Bu siyasət AzTU-da ədalətli, məsuliyyətli və intellektual baxımdan sağlam akademik mühitin formalaşdırılmasına xidmət edir.

02Əsas prinsiplər

Azərbaycan Texniki Universitetində akademik dürüstlük siyasəti professor-müəllim heyəti və tələbələrin fəaliyyətini tənzimləyən fundamental prinsiplər əsasında qurulmuşdur. Bu prinsiplər universitetdə akademik fəaliyyətin şəffaf, məsuliyyətli və etik normalara uyğun şəkildə həyata keçirilməsini təmin edir.

2.1. Şəffaflıq və obyektivlik

Akademik fəaliyyətin bütün mərhələlərində məlumatların düzgün, tam və vaxtında təqdim olunması, nəticələrin isə obyektiv və qərəzsiz qiymətləndirilməsi təmin edilməlidir. Tədris və elmi proseslərin izlənilə bilən, açıq və hesabatlı şəkildə aparılması əsas tələbdir.

2.2. Məsuliyyət və hesabatlılıq

Tələbələr və professor-müəllim heyəti həyata keçirdikləri akademik fəaliyyətə görə tam məsuliyyət daşıyırlar. Bu prinsip təqdim olunan işlərin keyfiyyəti, nəticələrin düzgünlüyü və istifadə edilən məlumatların etibarlılığına görə cavabdehliyi əhatə edir. Hesabatlılıq həm fərdi, həm də kollektiv fəaliyyətlərdə şəffaflığın və məsuliyyətin təmin edilməsini nəzərdə tutur.

2.3. Fikirlərə və intellektual mülkiyyətə hörmət

Akademik fəaliyyət zamanı digər şəxslərin ideyalarına, elmi nəticələrinə, müəllif hüquqlarına və intellektual mülkiyyət hüquqlarına hörmət göstərilməli, istifadə olunan bütün mənbələrə müvafiq qaydada istinad edilməlidir.

2.4. Orijinallıq və yaradıcı yanaşma

Akademik işlərdə orijinal ideyaların irəli sürülməsi, yaradıcı yanaşmanın tətbiqi və elmi yeniliyin təşviqi əsas prioritetlərdən biridir. Mövcud biliklərdən etik və düzgün istifadə edilməli, müəllifin fərdi töhfəsi aydın şəkildə əks olunmalıdır.

2.5. Etik davranış və qarşılıqlı hörmət

Akademik mühitdə etik davranış qaydalarına riayət olunmalı, qarşılıqlı hörmət qorunmalı, digər şəxslərin hüquq və maraqlarına zərər vuran hərəkətlərdən çəkinilməlidir.

03Akademik dürüstlük

Akademik dürüstlük elmi araşdırmaların və tədqiqatların aparılması, tədris materiallarının hazırlanması, dissertasiya və buraxılış işlərinin yazılması, eləcə də digər akademik fəaliyyətlərin etik normalara uyğun şəkildə həyata keçirilməsini nəzərdə tutan fundamental anlayışdır.

AzTU-da akademik dürüstlüyə riayət olunması professor-müəllim heyəti, tədqiqatçılar və tələbələr üçün məcburidir. Universitetin hər bir üzvü tədris və elmi fəaliyyət zamanı üzərinə düşən vəzifələri vicdanla yerinə yetirməli, resurslardan düzgün istifadə etməli, həmçinin başqalarının hüquqlarına, fikirlərinə və intellektual mülkiyyətinə hörmətlə yanaşmalıdır.

AzTU-da qəbul edilmiş antiplagiat və akademik dürüstlük siyasəti aşağıdakı normativ-hüquqi aktlara uyğun tətbiq olunur:

  • Azərbaycan Respublikasının “Elm haqqında” Qanunu;
  • Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunu;
  • Azərbaycan Respublikasının “Patent haqqında” Qanunu;
  • Azərbaycan Respublikasının “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunu;
  • Azərbaycan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunu.

Bununla yanaşı, bu Siyasətin tətbiqi zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin, Cinayət Məcəlləsinin, Cinayət-Prosessual Məcəlləsinin və İnzibati Prosessual Məcəlləsinin müvafiq müddəaları nəzərə alınır.

Eyni zamanda, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsi, AzTU-nun Nizamnaməsi, Strateji İnkişaf Planı və Elmi Şuranın müvafiq qərarları bu Siyasətin hüquqi və institusional əsaslarını təşkil edir.

3.1. Tətbiq dairəsi

Bu Siyasət Azərbaycan Texniki Universitetində (AzTU) həyata keçirilən bütün akademik fəaliyyətlərə şamil olunur.

Bu Siyasətin tələbləri aşağıdakı şəxslər üçün məcburidir:

  • bakalavr, magistr və doktorantura səviyyəsində təhsil alan tələbələr;
  • professor-müəllim heyəti;
  • elmi tədqiqatçılar və dissertantlar;
  • akademik fəaliyyətlə əlaqəli inzibati heyət və digər şəxslər.

04Plagiat və onun növləri

4.1. Plagiat anlayışı

Plagiat başqasına məxsus əsərin, ideyanın, fikrin, ifadənin, nəticənin və ya digər intellektual məhsulun müvafiq istinad göstərilmədən öz adına təqdim edilməsi hesab olunur.

AzTU-da tədris materiallarında, elmi-tədqiqat işlərində, dissertasiyalarda, buraxılış işlərində və digər akademik işlərdə istifadə olunan bütün mənbələrə müəyyən edilmiş qaydada istinad olunması məcburidir.

4.2. Plagiat halları

Aşağıdakı hallar plagiat riski yaradan və yolverilməz hesab olunan hallardır:

  • 4.2.1.Başqa mənbədən götürülmüş mətn hissələrinin, abzasların, cümlələrin və ya fraqmentlərin müvafiq istinad göstərilmədən istifadə olunması;
  • 4.2.2.Hər hansı tədqiqatın ideya və ya nəticələrinin mənbə göstərilmədən təqdim edilməsi;
  • 4.2.3.Digər elmi mənbələrdən götürülmüş anlayışların, nəticələrin, statistik məlumatların, cədvəllərin, şəkillərin və qrafiklərin istinadsız istifadəsi;
  • 4.2.4.Müəllifin özünün əvvəlki işlərində istifadə etdiyi materialların müvafiq istinad olmadan yenidən təqdim edilməsi.

4.3. Plagiatın növləri

Plagiatın əsas növləri aşağıdakılardır:

  • 4.3.1.Tam plagiat – mətnin və ya materialın bütövlükdə istinadsız şəkildə mənimsənilməsi;
  • 4.3.2.Qismən plagiat – mətnin və ya tədqiqatın müəyyən hissələrinin istinad göstərilmədən istifadə olunması;
  • 4.3.3.Özünütəkrar – müəllifin əvvəlki işlərindən müvafiq istinad etmədən yenidən istifadə etməsi;
  • 4.3.4.Avtomatlaşdırılmış plagiat – süni intellekt və ya digər avtomatlaşdırılmış vasitələrlə yaradılmış mətnin müəllifə məxsus orijinal iş kimi təqdim edilməsi.

Plagiat akademik mühitdə ciddi pozuntu hesab olunur və qüvvədə olan qanunvericiliyə, habelə universitetdaxili qaydalara uyğun məsuliyyət yaradır.

05Elmi-tədqiqat işlərində akademik dürüstlük və plagiat

  • 5.1.Elmi-tədqiqat işlərində akademik dürüstlük elmi fəaliyyətin etibarlılığını, obyektivliyini və şəffaflığını təmin edən əsas prinsipdir.
  • 5.2.Tədqiqatçılar elmi fəaliyyət zamanı aşağıdakı tələblərə riayət etməlidirlər:
  • 5.2.1.tədqiqat nəticələrini düzgün, təhrif olunmadan və obyektiv şəkildə təqdim etmək;
  • 5.2.2.istifadə olunan bütün mənbələrə müəyyən edilmiş qaydalara uyğun istinad etmək;
  • 5.2.3.digər müəlliflərin ideya, nəticə və materiallarını mənimsəməmək;
  • 5.2.4.məlumatların toplanması, emalı və təhlili zamanı etik normalara riayət etmək.
  • 5.3.Elmi-tədqiqat işlərində aşağıdakı hallar yolverilməz hesab olunur:
  • 5.3.1.başqasına məxsus mətnin, ideyanın və ya nəticənin istinadsız istifadə olunması;
  • 5.3.2.elmi mənbələrdən götürülmüş məlumatların mənbə göstərilmədən təqdim olunması;
  • 5.3.3.digər tədqiqatların nəticələrinin müəllifə aid kimi təqdim edilməsi;
  • 5.3.4.müəllifin öz əvvəlki işlərindən istinadsız istifadə etməsi (özünütəkrar);
  • 5.3.5.uydurma və ya saxtalaşdırılmış məlumatların təqdim edilməsi;
  • 5.3.6.mövcud olmayan mənbələrə istinad edilməsi;
  • 5.3.7.nəticələrin məqsədli şəkildə təhrif edilməsi.
  • 5.4.Plagiat elmi-tədqiqat fəaliyyətində ciddi akademik pozuntu hesab olunur və müvafiq intizam tədbirlərinin tətbiqinə səbəb olur.
  • 5.5.Elmi-tədqiqat işlərində müəllifin fərdi elmi töhfəsi aydın şəkildə əks etdirilməli və işin orijinallığı təmin olunmalıdır.
  • 5.6.Elmi-tədqiqat işləri təqdim edilməzdən əvvəl oxşarlıq yoxlanışından keçirilməli və müəyyən edilmiş normativ tələblərə uyğun olmalıdır.

06Oxşarlıq və orijinallıq yoxlanışı

AzTU-da tədris vəsaitləri, elmi-tədqiqat işləri, dissertasiyalar və buraxılış işləri akademik dürüstlük prinsiplərinə uyğunluğun təmin edilməsi məqsədilə müvafiq proqram təminatı vasitəsilə yoxlanılır.

Akademik işlərdə orijinallıq əsas prioritet hesab edilir. Hər bir işdə müəllifin müstəqil yanaşması, yeni ideyaların irəli sürülməsi, elmi əsaslandırma və aparılmış təhlillər nəticəsində əldə olunan nəticələrin təqdim edilməsi tələb olunur.

Mənbələrdən sitat gətirilməsi, müəyyən edilmiş istinad qaydalarına əməl olunmaqla, yol verilən hal hesab edilir. Lakin ümumi oxşarlıq səviyyəsinin yüksək olması işin orijinallıq dərəcəsinə mənfi təsir göstərə bilər.

AzTU-da akademik işlər üzrə maksimal icazə verilən oxşarlıq həddi aşağıdakı kimi müəyyən edilir:

  • bakalavr səviyyəsi üçün 25%;
  • magistr səviyyəsi üçün 20%;
  • müəllim və tədqiqatçılar üçün isə 5%.

Bu həddi aşan işlər qəbul edilmir və müəllifə düzəliş edilməsi üçün geri qaytarılır. Müəllif tərəfindən müvafiq düzəlişlər aparıldıqdan sonra iş yenidən təqdim oluna bilər.

Akademik işlərin təsdiqi və ya növbəti mərhələyə buraxılması yalnız oxşarlıq yoxlanışı tamamlandıqdan sonra həyata keçirilir.

07Süni intellektdən istifadə

Son illərdə texnoloji inkişaf nəticəsində süni intellekt əsaslı alətlər akademik fəaliyyət sahəsində geniş istifadə olunmağa başlanmışdır. Bu alətlərdən düzgün istifadə hallarında fayda əldə oluna bilsə də, onların qeyri-düzgün və nəzarətsiz tətbiqi akademik dürüstlük prinsiplərinin pozulmasına səbəb ola bilər.

AzTU-da süni intellekt alətlərindən istifadə akademik dürüstlük prinsiplərinə uyğun şəkildə həyata keçirilməlidir. Süni intellekt vasitəsilə akademik işlərin tam və ya qismən hazırlanaraq müəllifə məxsus orijinal iş kimi təqdim olunması yolverilməzdir və akademik pozuntu hesab olunur.

Süni intellekt alətləri yalnız köməkçi vasitə kimi istifadə oluna bilər. Bu çərçivədə onların ideyaların formalaşdırılması, mətnin strukturlaşdırılması, dil və üslub baxımından təkmilləşdirilməsi üçün istifadəsinə yol verilə bilər. Lakin təqdim olunan işin məzmununa, nəticələrinə və keyfiyyətinə görə tam məsuliyyət müəllifin üzərində qalır.

Süni intellekt vasitəsilə hazırlanmış və müəllifin müstəqil akademik fəaliyyətini əks etdirməyən işlər qiymətləndirməyə qəbul edilmir.

08İnsanlar üzərində aparılan elmi-tədqiqatlar

AzTU-da insanlar üzərində aparılan bütün elmi-tədqiqat işləri etik prinsiplərə və qüvvədə olan qanunvericiliyə uyğun şəkildə həyata keçirilməlidir. Bu tədqiqatların aparılması zamanı iştirakçıların hüquqlarının, ləyaqətinin və təhlükəsizliyinin qorunması əsas prioritet hesab olunur.

Belə tədqiqatların həyata keçirilməsindən əvvəl tədqiqatçı tərəfindən universitetin Etika Komissiyasına rəsmi qaydada müraciət olunmalı, tədqiqatın məqsədi, metodologiyası və etik əsasları barədə ətraflı məlumat təqdim edilməli və müvafiq razılıq alınmalıdır.

Etika Komissiyasına təqdim olunan müraciətdə aşağıdakılar göstərilməlidir:

  1. 1tədqiqatın məqsədi və elmi əsaslandırılması;
  2. 2istifadə olunacaq metod və vasitələr;
  3. 3iştirakçıların hüquqlarının qorunması mexanizmləri;
  4. 4toplanacaq məlumatların məxfiliyinin təmin olunması tədbirləri.

Tədqiqatda iştirak edən şəxslər tədqiqatın məqsədləri, metodları və mümkün riskləri barədə əvvəlcədən tam və aydın şəkildə məlumatlandırılmalı, onların könüllü və məlumatlandırılmış razılığı alınmalıdır. İştirakçılara istənilən vaxt tədqiqatdan imtina etmək hüququnun olduğu bildirilməlidir.

Tədqiqatçılar iştirakçıların şəxsi məlumatlarının məxfiliyinin qorunmasına və təhlükəsiz şəkildə saxlanılmasına görə məsuliyyət daşıyırlar.

09Akademik qanun pozuntuları

AzTU-da akademik fəaliyyət zamanı müəyyən edilmiş qaydalara əməl edilməməsi akademik qanun pozuntusu hesab edilir.

Akademik qanun pozuntularına aşağıdakılar daxildir:

  • 9.1.Köçürmə – Qiymətləndirmə və ya digər akademik proseslər zamanı müəllimin icazəsi olmadan kömək istəmək və ya göstərmək, icazəsiz materiallardan, qeydlərdən və digər yardım vasitələrindən istifadə etmək və ya buna cəhd göstərmək.
  • 9.2.Uydurma – Akademik işlərdə məlumatların qəsdən təhrif edilməsi, uydurulması, təsdiqlənməmiş məlumatların təqdim olunması, mövcud olmayan mənbələrə istinad edilməsi və ya real məlumatların dəyişdirilməsi.
  • 9.3.Akademik pozuntuya dəstək – Başqa şəxsin akademik qanun pozuntusuna bilərəkdən kömək göstərmək, şərait yaratmaq və ya belə hərəkətləri təşviq etmək.
  • 9.4.Haqsız üstünlük əldə etmək – Akademik qiymətləndirmə prosesində digər şəxslərə qarşı haqsız üstünlük əldə etməyə yönəlmiş hərəkətlər, o cümlədən imtahan materiallarını icazəsiz əldə etmək, yaymaq və ya qiymətləndirmə prosesinə müdaxilə etmək.

10Digər akademik qanun pozuntuları və akademik cəhətdən qüsurlu davranış formaları

AzTU-da akademik dürüstlük prinsiplərinin pozulmasına səbəb olan digər hallar da akademik qanun pozuntusu kimi qiymətləndirilir.

Belə hallara aşağıdakılar daxildir:

  • 10.1.Saxtakarlıq – rəsmi sənədlərin, arayışların, qiymətləndirmə nəticələrinin və ya digər akademik sənədlərin saxtalaşdırılması və ya dəyişdirilməsi;
  • 10.2.Plagiatın gizlədilməsi – mətnin və ya materialın müxtəlif üsullarla dəyişdirilərək istinadsız təqdim edilməsi;
  • 10.3.Təkrar təqdimetmə – eyni akademik işin və ya onun hissələrinin müəllimin razılığı olmadan yenidən təqdim edilməsi;
  • 10.4.İmtahan və qiymətləndirmə prosesinə müdaxilə – qiymətləndirmə prosesinin nəticələrinə təsir göstərməyə yönəlmiş hərəkətlər;
  • 10.5.Qrup işlərində qeyri-etik davranış – digər iştirakçıların əməyini mənimsəmək, vəzifələri yerinə yetirməmək və ya nəticələrin təqdimində ədalətsiz bölgü yaratmaq;
  • 10.6.Məlumatların icazəsiz əldə edilməsi və yayılması – akademik materialların, imtahan suallarının və digər məlumatların icazəsiz əldə olunması, paylaşılması və ya istifadəsi;
  • 10.7.Akademik etikaya zidd davranış – tədris və elmi mühitdə digər şəxslərə qarşı hörmətsiz münasibət, təzyiq və ya qeyri-etik təsir vasitələrindən istifadə olunması.

11İcra və nəzarət mexanizmləri

AzTU-da bu Siyasətin icrasını təmin etmək məqsədilə müvafiq idarəetmə və nəzarət mexanizmləri tətbiq olunur.

11.1. Məsul struktur bölmələr

Bu Siyasətin həyata keçirilməsində universitetin müvafiq struktur bölmələri, o cümlədən elmi fəaliyyətə cavabdeh struktur bölmə, Tədris fəaliyyətinə cavabdeh struktur bölmə və Etika Komissiyası iştirak edir.

11.2. Elmi fəaliyyətə cavabdeh struktur bölmə

Elmi fəaliyyətə cavabdeh struktur bölmə universitetdə aparılan elmi-tədqiqat işlərinin, dissertasiyaların və buraxılış işlərinin akademik dürüstlük və orijinallıq prinsiplərinə uyğunluğunu təmin edir, oxşarlıq yoxlamalarının təşkilini və nəticələrin sənədləşdirilməsini həyata keçirir.

11.3. Tədris Şöbəsi

Tədris Şöbəsi akademik işlərin hazırlanması, təqdim olunması və qiymətləndirilməsi prosesində şəffaflıq, obyektivlik və etik prinsiplərin tətbiqinə nəzarət edir.

11.4. Etika Komissiyası

Etika Komissiyası akademik dürüstlük prinsiplərinin pozulması ilə bağlı müraciətləri qəbul edir, araşdırır, qiymətləndirir və nəticə üzrə qərar qəbul edir.

11.5. Qayda pozuntularının idarə olunması

Akademik pozuntu, plagiat və ya digər qeyri-etik davranış halları barədə müraciətlər müəyyən edilmiş qaydada araşdırılır. Araşdırmanın nəticələrinə əsasən aşağıdakı tədbirlər tətbiq oluna bilər:

  1. 1akademik işin geri qaytarılması;
  2. 2işin yenidən işlənməsi tələbi;
  3. 3qiymətləndirmənin ləğv edilməsi;
  4. 4intizam tədbirlərinin tətbiqi;
  5. 5universitetin daxili qaydalarına uyğun digər tədbirlər.

Bu icra və nəzarət mexanizmləri AzTU-da akademik fəaliyyətin etik, şəffaf və məsuliyyətli şəkildə həyata keçirilməsini təmin edir, həmçinin universitetin elmi və tədris nüfuzunun qorunmasına xidmət edir.

12Apellyasiya mexanizmi

  • 12.1.Akademik pozuntu ilə bağlı qəbul edilmiş qərardan narazı qalan şəxs müəyyən edilmiş qaydada apellyasiya şikayəti verə bilər.
  • 12.2.Apellyasiya müraciəti qərarın təqdim edildiyi tarixdən etibarən 5 (beş) iş günü ərzində yazılı şəkildə təqdim edilməlidir.
  • 12.3.Apellyasiya müraciətləri universitetin müvafiq səlahiyyətli qurumu tərəfindən araşdırılır.
  • 12.4.Apellyasiya baxışı zamanı əvvəlki qərarın əsasları yenidən qiymətləndirilir və yekun qərar qəbul edilir.
  • 12.5.Qəbul edilmiş apellyasiya qərarı yekun hesab olunur və icrası məcburidir.

13Maarifləndirmə və təlimlər

AzTU-da akademik dürüstlük prinsiplərinin tələbələr, tədqiqatçılar və professor-müəllim heyəti tərəfindən mənimsənilməsini təmin etmək məqsədilə sistemli maarifləndirmə və təlim tədbirləri həyata keçirilir.

13.1. Seminarlar və treninqlər

Akademik dürüstlük mövzusunda seminarlar, treninqlər və maarifləndirici görüşlər təşkil olunur. Bu tədbirlərdə aşağıdakı məsələlər izah edilir:

  • akademik dürüstlük və etik prinsiplərin mahiyyəti;
  • plagiat anlayışı və onun növləri;
  • oxşarlıq və orijinallığın yoxlanılması prosedurları;
  • düzgün istinad qaydaları;
  • süni intellekt və digər texnoloji vasitələrdən etik istifadə;
  • akademik pozuntuların nəticələri və intizam tədbirləri.

13.2. Metodik və təlim materialları

Universitetdə akademik dürüstlük və antiplagiat qaydaları ilə bağlı metodik və təlim materialları hazırlanır və istifadəçilərə təqdim olunur. Bu materiallar vasitəsilə plagiatın qarşısının alınması yolları, istinad qaydaları, akademik yazı standartları və oxşarlıq yoxlanışı ilə bağlı tələblər izah olunur.

14Əlavələr

Azərbaycan Texniki Universitetində (AzTU) akademik dürüstlük və antiplagiat siyasətinin səmərəli tətbiqini təmin etmək məqsədilə bir sıra əlavələr hazırlanmışdır. Bu əlavələr universitetin akademik işlərində düzgünlük, şəffaflıq və məsuliyyət prinsiplərinin qorunmasını təmin edir.

Əlavə 1: Antiplagiat yoxlama proseduru

Bu əlavə AzTU-da aparılan bütün akademik işlərin plagiat yoxlamasının addım-addım prosedurunu izah edir. Prosedur aşağıdakı mərhələləri əhatə edir:

  1. 1Tələbə və ya müəllim işini hazırlanmış formatda təqdim edir;
  2. 2İş StrikePlagiarism proqramı vasitəsilə sistemli şəkildə yoxlanılır;
  3. 3Oxşarlıq faizinin müəyyənləşdirilməsi və nəticələrin sənədləşdirilməsi;
  4. 4Əgər oxşarlıq faizi qəbul edilmiş həddə uyğundursa, iş təsdiqlənir; əks halda müəllifə geri qaytarılır;
  5. 5Müəllif işdə zəruri düzəlişləri etdikdən sonra iş yenidən təqdim edilir.

Əlavə 2: Oxşarlıq faizlərinin təsnifatı

Bu əlavə akademik işlərin oxşarlıq səviyyəsinin qiymətləndirilməsini və təsnifatını göstərir:

  • 0–20%: Qəbul edilə bilər; işdə orijinallıq qorunur.
  • 21% və yuxarı: Qəbul edilmir; iş müəllifə geri qaytarılır və düzəlişlər tələb olunur.

Bu təsnifat akademik işlərin orijinallığını qorumaq və plagiat riskini minimuma endirmək üçün tətbiq edilir.

Əlavə 3. Akademik pozuntulara görə intizam tədbirləri

Bu əlavə Azərbaycan Texniki Universitetində akademik pozuntuların nəticələrinin və tətbiq olunan intizam tədbirlərinin təsnifatını müəyyən edir. Akademik dürüstlük prinsiplərinin pozulması hallarında aşağıdakı intizam tədbirləri tətbiq oluna bilər:

  • Xəbərdarlıq: Yüngül xarakterli pozuntular zamanı tətbiq olunur; müəllifə rəsmi xəbərdarlıq edilir və akademik işin düzəldilməsi tələb olunur.
  • Töhmət: Daha ciddi pozuntular zamanı tətbiq olunur; akademik iş üzrə qeydlər aparılır və müvafiq qaydada rəsmiləşdirilir.
  • Qiymətin ləğvi: Plagiat və ya digər akademik pozuntu aşkar edildikdə akademik iş üzrə verilmiş qiymət ləğv edilir.
  • Xaric edilmə: Təkrar və ya ağır xarakterli pozuntular zamanı tələbənin universitetdən müvəqqəti və ya daimi xaric edilməsi barədə qərar qəbul edilə bilər.

İntizam tədbirləri tətbiq edilərkən pozuntunun xarakteri, ağırlıq dərəcəsi və təkrarlanma halları nəzərə alınır.

Bu əlavə AzTU-da akademik fəaliyyətin şəffaf, məsuliyyətli və etik prinsiplərə uyğun həyata keçirilməsini təmin etməyə xidmət edir və universitet üzvləri üçün akademik dürüstlük qaydalarına riayət olunmasında əsas normativ çərçivə rolunu oynayır.

15Akademik fəaliyyət iştirakçılarının məsuliyyətləri

15.1. Tələbələrin məsuliyyətləri

  • 15.1.1.Akademik dürüstlük prinsiplərinə riayət etmək;
  • 15.1.2.Təqdim etdikləri akademik işlərin orijinallığını təmin etmək;
  • 15.1.3.İstifadə olunan bütün mənbələrə düzgün istinad etmək;
  • 15.1.4.Plagiat və digər akademik pozuntulardan çəkinmək;
  • 15.1.5.Süni intellekt və digər texnoloji vasitələrdən etik qaydada istifadə etmək.

15.2. Professor-müəllim heyətinin məsuliyyətləri

  • 15.2.1.Akademik dürüstlük prinsiplərini tədris prosesində təşviq etmək;
  • 15.2.2.Tələbələri düzgün istinad və akademik yazı qaydaları ilə tanış etmək;
  • 15.2.3.Akademik işlərin obyektiv və ədalətli qiymətləndirilməsini təmin etmək;
  • 15.2.4.Akademik pozuntu hallarını aşkar etdikdə müvafiq tədbirlərin görülməsini təmin etmək.

15.3. Elmi rəhbərlərin məsuliyyətləri

  • 15.3.1.Tələbələrin və tədqiqatçıların elmi işlərinə nəzarət etmək;
  • 15.3.2.İşlərin akademik dürüstlük prinsiplərinə uyğun hazırlanmasına dəstək vermək;
  • 15.3.3.Plagiat risklərinin qarşısının alınması üçün istiqamətləndirmə aparmaq.

15.4. Universitetin məsuliyyəti

  • 15.4.1.Akademik dürüstlük siyasətinin tətbiqini təmin etmək;
  • 15.4.2.Maarifləndirmə və təlim tədbirlərini təşkil etmək;
  • 15.4.3.Akademik pozuntuların obyektiv araşdırılmasını təmin etmək.

16Akademik fəaliyyət qaydaları (icazə verilən və qadağan olunan hallar)

16.1. İcazə verilən hallar

  • 16.1.1.Müəyyən edilmiş istinad qaydalarına uyğun olaraq mənbələrdən istifadə edilməsi;
  • 16.1.2.Müəllimin icazəsi ilə qrup şəklində akademik fəaliyyətin həyata keçirilməsi;
  • 16.1.3.Süni intellekt alətlərindən köməkçi vasitə kimi istifadə edilməsi;
  • 16.1.4.Akademik işlərin hazırlanmasında elmi mənbələrdən düzgün istifadə olunması.

16.2. Qadağan olunan hallar

  • 16.2.1.Plagiat və özünütəkrar halları;
  • 16.2.2.Köçürmə və qeyri-qanuni yardım vasitələrindən istifadə;
  • 16.2.3.Uydurma və ya saxtalaşdırılmış məlumatların təqdim edilməsi;
  • 16.2.4.Akademik işlərin başqası tərəfindən hazırlanaraq təqdim edilməsi;
  • 16.2.5.Süni intellekt vasitəsilə hazırlanmış mətnlərin müəllifə məxsus iş kimi təqdim edilməsi;
  • 16.2.6.İmtahan və qiymətləndirmə prosesinə müdaxilə edilməsi.

17Akademik pozuntuların aşkarlanması və profilaktikası

17.1. Aşkarlama mexanizmləri

  • 17.1.1.Akademik işlərin müvafiq proqram təminatı vasitəsilə yoxlanılması;
  • 17.1.2.Professor-müəllim heyəti tərəfindən akademik işlərin təhlili;
  • 17.1.3.Şübhəli halların Etika Komissiyasına təqdim edilməsi.

17.2. Profilaktik tədbirlər

  • 17.2.1.Akademik dürüstlük mövzusunda mütəmadi təlimlərin keçirilməsi;
  • 17.2.2.Tələbələrin düzgün istinad və akademik yazı qaydaları üzrə maarifləndirilməsi;
  • 17.2.3.Metodik materialların hazırlanması və istifadəyə verilməsi;
  • 17.2.4.Elmi rəhbərlər tərəfindən işlərin ilkin mərhələdə yoxlanılması.

17.3. Qarşısının alınması tədbirləri

  • 17.3.1.Akademik işlərin mərhələli şəkildə yoxlanılması;
  • 17.3.2.Tələbələrə fərdi tapşırıqların verilməsi;
  • 17.3.3.Akademik fəaliyyətə nəzarətin gücləndirilməsi.

18Sənədin qüvvəyə minməsi və yenilənməsi

  • 18.1.Bu Siyasət Azərbaycan Texniki Universitetinin səlahiyyətli orqanı tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir.
  • 18.2.Bu Siyasət universitetin Elmi Şurasının qərarı ilə təsdiq edilir.
  • 18.3.Siyasətin müddəaları zərurət yarandıqda təkmilləşdirilə və yenilənə bilər.
  • 18.4.Siyasətə edilən dəyişikliklər və əlavələr müvafiq qaydada təsdiq edildikdən sonra qüvvəyə minir.

19Nəticə

AzTU professor-müəllim heyətindən, tədqiqatçılarından və tələbələrindən akademik dürüstlük prinsiplərinə yüksək səviyyədə riayət etməyi tələb edir və bu istiqamətdə institusional dəstək göstərir.

Akademik dürüstlük elmi-tədqiqat fəaliyyətinin, tədris prosesinin və sağlam akademik mühitin əsasını təşkil edir. Bu prinsiplərə riayət olunması universitetin akademik nüfuzunun qorunmasına, elmi fəaliyyətin etibarlılığının artırılmasına və universitet üzvlərinin peşəkar inkişafına mühüm töhfə verir.

Bu səhifə siyasətin mətnini veb-saytda oxumaq üçün təqdim edir. Rəsmi nüsxə imzalı və möhürlü PDF faylıdır.

Antiplagiat və Akademik Dürüstlük Siyasəti | AzTU