Süni İntellekt İnstitutu

Süni İntellekt İnstitutu 

Süni İntellekt İnstitutu Azərbaycan Texniki Universitetinin (bundan sonra – AzTU) Elmi şurasının 3 fevral 2021-ci il tarixli qərarına əsasən AzTU-nun rektorunun 8 sentyabr 2021-ci il tarixli 325 Ş(s) №li əmri ilə yaradılıb.

İnstitutun məqsədi:

İnstitutun yaradılmasının məqsədi elmi və texnoloji prinsiplərə əsaslanan yeni süni intellekt texnologiyalarının formalaşmasına və inkişafına töhfə vermək üçün tətbiqi tədqiqatlar aparmaq və bu sahədə texnoloji inkişafı dəstəkləməkdir.

İnstitutun əsas fəaliyyət istiqamətləri:

İnstitut bu məqsədə nail olmaq üçün aşağıdakı fəaliyyət istiqamətlərinə fokuslanır:

-   Dövlət və özəl sektor təşkilatları tərəfindən müəyyən edilmiş elmi-tədqiqat sifarişlərini yerinə yetirmək üçün zəruri hallarda yerli və xarici təşkilatlarla əməkdaşlıq çərçivəsində fundamental və tətbiqi tədqiqatların aparılması;

AzTU-da süni intellekt texnologiyalarının tətbiqi üzrə aparılan elmi-tədqiqat işlərinə dəstək verilməsi və koordinasiyası;

Süni intellekt üzrə aparıcı mütəxəssislərin AzTU-da tədqiqat işlərinə cəlb edilməsi, bu sahədə yüksək ixtisaslı tədqiqatçı kadrların hazırlanması;

Süni intellekt sahəsində innovativ xarici texnologiyaların, tədqiqat və inkişaf fəaliyyətlərinin izlənilməsi və ölkədə tətbiq imkanlarının axtarışı;

AzTU-da süni intellekt sahəsində layihələrə əsaslanan təhsilin təşkilinə dəstək verilməsi, o cümlədən bakalavr və magistr tədris proqramlarının təkmilləşdirilməsi;

Süni intellekt üzrə müxtəlif təşkilatlar üçün təlim proqramlarının hazırlanması və həyata keçirilməsi;

Süni intellekt texnologiyalarına əsaslanan infrastrukturun qurulması sahəsində çalışan yerli müəssisə və təşkilatlara məsləhət və elmi ekspertiza xidmətlərinin göstərilməsi;

Süni intellekt sahəsində həyata keçirilən beynəlxalq və yerli layihələrdə, konfranslarda iştirak.