Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin (KİM) direktoru Xəyalə Hacıyeva və Kitabxana sistemləri və rəqəmsallaşdırma üzrə iş şöbəsinin baş məsləhətçisi İltifat İbrahimov Latviya Milli Kitabxanasının dəvəti ilə “EU4Dialogue” layihəsi çərçivəsində “Library as a community cultural space” adlı yay məktəbində iştirak ediblər.
10 gün davam edən yay məktəbi Latviyanın Riqa və Çesis şəhərlərində keçirilib. Səfərdə Azərbaycan nümayəndəliyinin qrup rəhbəri AzTU KİM-in direktoru Xəyalə Hacıyeva olub.
Layihəyə Azərbaycanla yanaşı Moldova, Latviya, Gürcüstandan kitabxana və muzey əməkdaşları da qatılıb.
İştirakçılar proqram çərçivəsində Riqa və Çesis şəhərlərinin milli, akademik və ictimai kitabxanalarında müxtəlif (informasiya resurslarının menecmenti və kolleksiyaların inkişafı, mədəni və akademik irsin rəqəmsallaşdırılması və qorunması, kitabxana və mədəniyyət mərkəzlərinin xidmətlərinin planlaşdırılması və inkişaf etdirilməsi, mədəniyyət və informasiya sahəsində fəaliyyət göstərən təşkilat və institutlarla əməkdaşlıq) mövzularda təlimlər keçərək yeni bacarıq və biliklər əldə edib.
Səfər çərçivəsində iştirakçılar üçün hər iki şəhərin mədəni, elmi və tarixi mərkəzlərinə ekskursiyalar təşkil edilib.
Proqramın sonunda iştirakçılara sertifikat təqdim olunub.