Beynəlxalq

Haqqımızda




Beynəlxalq əlaqələr şöbəsi haqqında

Azərbaycan Texniki Universitetinin (AzTU) 2024-2030-cu illər üçün Strateji İnkişaf Planında beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qlobal akademik şəbəkələrə qoşulmanın genişləndirilməsi və beynəlmiləlləşmə fəaliyyətinin institusional əsaslarının möhkəmləndirilməsi universitetin inkişaf prioritetləri kimi müəyyən edilmişdir. Bu hədəflərə uyğun olaraq AzTU-nun Beynəlxalq əlaqələr şöbəsi universitetin xarici tərəfdaşlarla əməkdaşlığını idarə edən, beynəlxalq layihələri əlaqələndirən və universitetin qlobal təhsil məkanında təmsilçiliyini təmin edən əsas struktur bölmə kimi fəaliyyət göstərir.

Şöbə AzTU-nun beynəlxalq fəaliyyətinin bütün mərhələlərini əhatə etməklə xarici universitetlər, tədqiqat mərkəzləri və transmilli şirkətlərlə əməkdaşlığın sistemli şəkildə qurulmasını təmin edir. İkitərəfli və çoxtərəfli sazişlərin imzalanması, elmi-tədqiqat və tədris yönümlü tərəfdaşlıqların formalaşdırılması, tərəfdaşlarla birgə təşəbbüslərin hazırlanması şöbənin işinin əsas hissəsini təşkil edir. Bununla yanaşı, universitet beynəlxalq qrant və layihə proqramlarında aktiv iştirakı təmin edərək tədris və tədqiqat imkanlarını genişləndirir.

Beynəlxalq əlaqələr şöbəsi AzTU-nun professor-müəllim heyətinin və tələbələrinin xaricdə təhsil, təcrübə, seminar və elmi fəaliyyətlərdə iştirakının təşkilini həyata keçirir. Eyni zamanda, xarici mütəxəssislərin AzTU-ya dəvəti və bu prosesin idarə olunması da şöbənin fəaliyyət sahəsinə daxildir.

Əcnəbi tələbələrin cəlbi və hazırlıq mərhələsi universitetin beynəlmiləlləşmə strategiyasının mühüm tərkib hissəsidir. Şöbə xarici ölkə vətəndaşlarının AzTU-da təhsil almasına dəstək göstərir, qəbul prosesinin koordinasiyasını həyata keçirir, sənədləşmə, yerləşmə və adaptasiya mərhələlərinə nəzarət edir. Bununla yanaşı, universitetdə əcnəbi tələbələr üçün hazırlıq kurslarının təşkili, dil bacarıqlarının və akademik uyğunlaşmanın təmin olunması istiqamətində tədbirlər görülür və bu proses beynəlxalq təhsil standartlarına uyğun şəkildə qurulur.

AzTU beynəlxalq elmi, akademik və işgüzar tədbirlərdə fəal təmsil olunur, konqreslər, konfranslar və müxtəlif akademik platformalarda iştirak edir, xarici nümayəndə heyətlərinin qəbulu və görüşlərinin təşkilini həyata keçirir. Bu fəaliyyətlər universitetin beynəlxalq nüfuzunun artırılmasına, əməkdaşlıq şəbəkəsinin genişlənməsinə və Strateji İnkişaf Planında müəyyən edilmiş hədəflərə nail olunmasına xidmət edir.