Azərbaycan Texniki Universitetinin (AzTU) biznesin idarə edilməsi ixtisasında təhsil alan tələbələr üçün “Universal McCann” marketinq şirkətində “Tələbə karyerasının təşkilində rəqəmsal marketinq alətlərindən istifadənin yeri və “Toyota” firmasında tətbiqi” mövzusunda seminar keçirilib. Biznesin idarə edilməsi kafedrasının təşkil etdiyi seminar BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 8-ci istiqamətinə (Layiqli iş və iqtisadi artım – SDG 8) həsr olunub.
Rəqəmsal media meneceri Tural Rəhimov tərəfindən keçirilən seminarda karyeranın planlaşdırılmasında rəqəmsal marketinq, sosial media platformaları, onlayn brendinq və şəxsi imic kimi anlayışların rolu izah edilib. Təqdimatda sosial şəbəkələr, xüsusilə “LinkedIn” platforması və rəqəmsal kommunikasiya vasitələrinin tələbələr üçün yaratdığı imkanlardan bəhs olunub. Seminar zamanı qlobal şirkətlərin, xüsusilə “Toyota” şirkətinin rəqəmsal marketinq strategiyalarına dair nümunələr təqdim edilib.
Tələbələrə rəqəmsal marketinq alətləri, kontent strategiyası, onlayn reklam və auditoriya analizi kimi mövzular haqqında məlumat verilib. “Toyota” şirkətinin rəqəmsal platformalarda brend imicini gücləndirməsi, müştərilərlə effektiv əlaqə qurması və bunun bazarda rəqabət qabiliyyətinin artmasına necə təsir etdiyi izah edilib.
Sonda suallar cavablandırılıb.