“Aqro-West Dc” şirkətinin İşə Qəbul və inkişaf şöbəsinin mütəxəssisi Nərmin Hüseynova Azərbaycan Texniki Universitetində (AzTU) tələbələr üçün seminar keçib. Biznesin idarə edilməsi kafedrasının təşkil etdiyi seminar “Müasir dövrdə şəxsi inkişaf və onun karyeraya tətbiqi” mövzusuna həsr olunub.
Şəxsi inkişafın karyeranın inkişafında mühüm rolunu qeyd edən Nərmin Hüseynova, xüsusilə liderlik bacarıqları, effektiv ünsiyyət və komanda işi kimi kompetensiyaların vacibliyini bildirib. Seminar zamanı müasir dövrdə rəqəmsal marketinqin biznes və karyera sahəsində geniş imkanlar yaratdığı vurğulanıb. Sosial media platformalarının düzgün istifadəsinin şəxsi brendin formalaşmasına təsiri haqqında məlumat verilib. Həmçinin tələbələrə şəxsi brendinq və professional imic yaratmağın əhəmiyyəti izah olunub. Seminar çərçivəsində tələbələrə CV hazırlama, iş müsahibəsinə hazırlaşma və karyera planlaşdırılması mövzularında tövsiyələr təqdim olunub. Tədbir interaktiv müzakirələr və sual-cavab sessiyası ilə davam edib.