Mövlanə Mübadilə Proqramı

Proqram haqqında




Mövlanə Mübadilə Proqramı haqqında

Mövlanə Mübadilə Proqramı (Mevlana Değişim Programı) Türkiyənin ali təhsil müəssisələri ilə digər dünya ölkələrinin ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsini həyata keçirən bir proqramdır. (23 avqust 2011-ci il tarixində Türkiyə Cümhuriyyətində rəsmi elan edilmiş və 2013-cü ildən başlayaraq fəaliyyət göstərməkdədir. Bu proqram Türkiyənin Ali Təhsil Qurumu (Yüksək Öğretim Kurumu(YÖK)) tərəfindən maliyyələşdirilir.

Digər mübadilə proqramlarından fərqli olaraq, bu proqram çərçivəsindəki hərəkətlilik heç bir coğrafi zona ayrı-seçkiliyi qoyulmadan bütün dünya ölkələrinin ali təhsil müəssisələrini əhatə etməkdədir.

Mövlana Mübadilə Proqramına qoşulmaq istəyən tələbələr ən azı bir, ən çoxu iki semestr, müəllimlər isə bir tədris ilində ən azı 1 həftə, ən çoxu 3 ay Türkiyənin universitetlərində oxumaq və dərs vermək imkanına malik olacaqlar. Həmçinin Türkiyə universitetlərinin tələbə və müəllimləri də bu proqram çərivəsində bizim universitetlərdə həmin müddətdə fəaliyyət göstərə bilərlər.

Təhsil sistemindən asılı olaraq semestr müddəti fərqlilik göstərsə belə mübadilə bir tədris ilini ötə bilməz.

Müəllimlərin mübadilə çərçivəsində akademik fəaliyyətləri həftəlik altı saatdan az olmamalıdır. Akademik fəaliyyətlər dedikdə əsasən dərs saatları nəzərdə tutulur. Dərs saatları həftəlik altı saatı ödəmədiyi təqdirdə seminar, panel və ya konfranslar da bu çərçivədə dəyərləndirilə bilər.

Mövlanə Mübadilə Proqramında kimlər iştirak edə bilər?

Mövlana Mübadilə Proqramı çərçivəsində tələbə mübadiləsinə Türkiyənin müvafiq universitetləri ilə Mövlana Mübadilə Proqramı Protokolu imzalamış bütün universitetlərin bakalavr, magistratura və doktorantura tələbələri və müəllimlər qoşula bilərlər.

Proqrama qoşulmaq istəyən tələbə təhsil aldığı universitetin qeydiyyatlı və tam zamanlı tələbəsi olmalıdır. Bakalavriat, magistratura və doktorantura tələbələri təhsilə başladıqları ilk semestrdə bu proqrama qoşula bilməzlər.

Proqramda iştirak etmək istəyən tələbə aşağıdakı tələblərə cavab verməlidir:

- Bakalavriat tələbələri üçün birinci semestr istisna olmaqla ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 4 balla qiymətləndirmədə ən azı 2,5 bal (75 bal);

- Magistratura və doktorantura tələbələri üçün birinci semestr istisna olmaqla ÜOMG 4 balla qiymətləndirmədə ən azı 3 bal (80 bal);

- 50% xarici dil bacarığı + 50% ümumi orta bal əsas götürülür.

Türkiyənin vətəndaşı olmadıqları müddətcə ölkəmizdəki türk tələbələr də proqramdan yararlana bilər və proqram çərçivəsində Türkiyədə təhsil ala bilərlər.

Mövlana Mübadilə Proqramına qoşulmaq istəyən tələbələr universitetimizin Beynəlxalq Əlaqələr Departamentinin nəzdində Layihələr və mübadilə proqramları şöbəsinə yaxınlaşa bilərlər.

 

Ödənişlə bağlı

Mübadilə Proqramı çərçivəsində tələbələr getdikləri universitetə heç bir ödəniş etmirlər. Bu müddət ərzində öz universitetlərindən aldıqları təqaüdlərini almağa və ya təhsil haqlarını ödəməyə davam edirlər.

Proqrama qoşulan tələbələrə ayrılan təqaüdlər tələbənin getdiyi ölkənin iqtisadi həyat standartları nəzərə alınaraq müəyyənləşir. Mübadilə Proqramı tələbəsinə Ali Təhsil Qurumunun (YÖK) idarə heyəti tərəfindən müəyyən olunan miqdarda təqaüd ödənir.

Təqaüdün 80%-i aylıq olaraq ödənir. Qalanını ödəyərkən isə tələbənin müvəffəqiyyət göstərdiyi dərslərin kreditinin ümumi keçdiyi dərslərin kreditinə nisbəti nəzərə alınır.

Qaynaq çatışmadığı halda, proqramın digər şərtlərinə əməl etməklə tələbə öz imkanları və ya özəl təqaüdlərlə mübadilədə iştirak edə bilər.

Mövlanə Mübadilə Proqramı çərçivəsində mübadiləyə qoşulan müəllimlərə 6245 saylı Qanuna əsasən ezamiyyə haqqı və 2547 saylı Qanunun 10-cu maddəsinə əsasən isə keçdiyi dərslərə görə əlavə ödəniş edilir. Edilən əlavə dərs ödənişlərini ölkələrə və ünvanlara görə YÖK idarə heyəti müəyyənləşdirir.

Mövlanə Mübadilə Proqramına qoşulub Türkiyənin müəyyən universitetində təhsil alan tələbəyə tədris olunan dərslərin hansı fənlərlə uyğunlaşdırıldığı Tədris Planında açıq-aydın göstərildiyinə görə tələbə öz ölkəsinə qayıtdıqda fənn fərqi və ya akademik borc yaranmır.

Mövlanə Mübadilə Proqramına qoşulmaq üçün Türkiyənin müvafiq universitetləri ilə müəyyən protokol çərçivəsində müqavilələr bağlanmalıdır. Azərbaycan Texniki Universitetinin artıq Türkiyənin 20 universiteti ilə 5 il müddətinə bu proqram çərçivəsində əməkdaşlıq müqavilələri vardır.