AzTU-nun Məzun Assosiasiyasının təsis yığıncağı keçirilib

2025-01-17

Azərbaycan Texniki Universitetində (AzTU) Karyera və Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə Məzun Assosiasiyasının təsis yığıncağı keçirilib.

Təsis yığıncağında AzTU-nun fəxri məzunları qismində Milli Məclisin deputatları Zahid Oruc, Anar Məmmədov, həmçinin veteran məzunlardan məsləhətçi-professor Rəhim Şükürov, eləcə də universitetin məzunu olmuş professor-müəllim heyəti və müxtəlif müəssisə, təşkilat və qurumlarda çalışan 300-dək AzTU məzunu iştirak edib.  

Tədbiri giriş sözü ilə açan AzTU-nun rektoru Vilayət Vəliyev görüşdə iştirak edən bütün AzTU məzunlarını, tədbirin fəxri qonaqlarını, professor-müəllim heyətini, tələbələri salamlayıb və AzTU Məzun Assosiasiyasının təsis yığıncağını universitetin tarixində mötəbər və yaddaqalan günlərdən biri olduğunu bildirib. Rektor bildirib ki, Məzun Assosiasiyası AzTU məzunları ilə universitet arasında dərin körpü yaratmaq, bu əlaqələri iş, elm və təhsil dünyası üçün daha səmərəli fəaliyyətə çevirmək, ölkə sənayesi üçün yüksəkixtisaslı kadrların hazırlanma prosesinə ciddi töhfələri birlikdə və daha effektiv addımlarla atmaq, eləcə də AzTU-nun nüfuzunun beynəlxalq səviyyədə artırmaq üçün qurulub.

Təsis yığıncağında AzTU Məzunları yekdilliklə millət vəkili, universitetin fəxri məzunu Anar Məmmədovu AzTU Məzunlar Assosiasiyasının sədri seçilməsini dəstəkləyib.