Karyera və Məşğulluq Mərkəzi

Azərbaycan Texniki Universiteti (PHŞ) Karyera və Məşğulluq Mərkəzi 7 aprel 2016-cı il tarixində yaradılmışdır. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmr və sərəncamlarını, Azərbaycan Texniki Universitetinin Nizamnaməsini və Karyera və Məşğulluq Mərkəzinin Əsasnaməsini rəhbər tutur.

Karyera və Məşğulluq Mərkəzi universitetin tələbə və magistrantlarının karyera inkişafının dəstəklənməsi, ixtisas üzrə istehsalat təcrübələrinin təşkili, praktiki bacarıqların və peşə səriştələrinin artırılması, məşğulluq imkanlarının genişləndirilməsi və əmək bazarına inteqrasiyasının asanlaşdırılması istiqamətində fəaliyyət göstərir.

Mərkəzin əsas məqsədlərindən biri məzunlarla universitet arasında davamlı əməkdaşlığın təmin olunması və onların əmək bazarındakı mövqelərinin izlənməsidir. Bu istiqamətdə fəxri məzunlarla iş, tələbələrə fərdi karyera məsləhətləri verilməsi, universitet-sənaye əməkdaşlığının gücləndirilməsi və innovativ tərəfdaşlıqların təşviqi kimi fəaliyyətlər həyata keçirilir. Universitet-sənaye əlaqələrinin inkişafı, tələbələrin real istehsalat mühitinə inteqrasiyası və əmək bazarının tələblərinə uyğun kadr hazırlığı Karyera və Məşğulluq Mərkəzinin əsas prioritetlərindəndir.

Məzunlarla əlaqələrin sistemli şəkildə qurulması və qarşılıqlı əməkdaşlığın təşkili məqsədilə Azərbaycan Texniki Universiteti PHŞ-nin Elmi Şurasının 08 iyun 2025-ci il tarixli 10 saylı protokoluna əsasən Karyera və Məşğulluq Mərkəzinin nəzdində Məzunlar Assosiasiyası yaradılmışdır. Bu Assosiasiya məzunların universitetlə əlaqələrinin möhkəmləndirilməsi, birgə layihələrin təşkili və təcrübə mübadiləsinin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir.

Azərbaycan Texniki Universiteti PHŞ-nin Karyera və Məşğulluq Mərkəzi tələbələrin peşəkar inkişafına dəstək göstərməklə, onların uğurlu karyera qurmasına, əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına və universitetin strateji inkişaf istiqamətlərinə əhəmiyyətli şəkildə xidmət edir.