İnformasiya və telekommunikasiya texnologiyaları Kibertəhlükəsizlik kafedrası

Kafedra müdiri




   Kibertəhlükəsizlik kafedrasının müdiri, t.e.d, dosent
   İmamverdiyev Yadigar Nəsib oğlu
   Tel: (+994 50) 540-74-64
   E-poçt:
yadigar.imamverdiyev@aztu.edu.az

 

İmamverdiyev Yadigar Nəsib oğlu 15 noyabr 1964-cü ildə anadan olub.

1982-ci ildə orta məktəbi bitirib və həmin ildə Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsinin Tətbiqi riyaziyyat ixtisasına qəbul olub.  

1983-1985-ci illərdə Sovet Ordusunda həqiqi hərbi xidmətdə olub (Belorusiya hərbi dairəsi).

1989-cu ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib.

2005-2021-ci ilin sentyabrana kimi AMEA İnformasiya Texnologiyaları İnstitutunda informasiya təhlükəsizliyi şöbəsinin müdiri vəzifəsində işləyib.

2021-ci ilin sentyabrından AzTU-da çalışır.

1 avqust 2022-ci il tarixindən AzTU Kibertəhlükəsizlik kafedrasının müdiri vəzifəsinə təyin edilib.  

2006-cı ildə “Elliptik əyrilərdə asimmetrik kriptoqrafik sistemlərin sintezi üçün üsul və alqoritmlərin işlənməsi” mövzusunda fəlsəfə doktoru dissertasiyasını müdafiə edib.  

2003-2004-cü illərdə Milli Məclisdə “Elektron imza və elektron sənəd haqqında Qanunun” işlənməsi üzrə texniki işçi qrupun üzvü olub.  

2007-ci ildə ölkədə ilk CERT-komandasının yaradılması və müvafiq Avropa qurumlarında tanıdılması işlərini həyata keçirib.  

Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramında AMEA İnformasiya Texnologiyaları İnstitutuna həvalə edilən işlərin icrasına məsul şəxs olub.  

2021-ci ildə “E-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi modelləri və metodları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib və 29 aprel 2022-ci ildə elmlər doktoru elmi dərəcəsi alıb.  

ABŞ, Malayziya, Türkiyə, Rumıniya, Rusiya, Çex respublikalarıda elmi-tədqiqat ezamiyyətində olub. Koreya Respublikasında Yonsei Universitetində bir il (2011-2012) və ETRI-də (Electronics and Telecommunications Research Institute) 2017, may-iyul müddətində elmi tədqiqat aparıb.

Hazırda informasiya təhlükəsizliyi, kriptoqrafiya, süni intellekt metodları, biometrik texnologiyalar, təhsil analitikası və digər sahələrdə elmi tədqiqatlarını davam etdirir.

200-ə yaxın elmi məqalənin, 8 kitabın müəllifidir.

Aşağıdakı beynəlxalq və ölkə qrant layihələrinin rəhbəri olub:

  • ABŞ Mülki Tədqiqatlar və İnkişaf Fondu, “Biometrik sistemlərin təhlükəsizliyinin test edilməsi” layihəsi, 01.03.2008 - 31.08.2009, (San-Xose Dövlət Universiteti, ABŞ);
  • Koreya Milli Elm Fondu, “Biometrik kriptosistemlərin yaradılması” layihəsi 24.08.2011-23.08.2012 (Yonsei Universiteti, Koreya Respublikası);
  • Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu (ARP EİF), “Multibiometrik sistemlərdə informasiyanın aqreqasiyası metodlarının işlənməsi”, 07.01.2012-31.01.2012;
  • ARP EİF, “Səsə görə şəxsin biometrik tanınması üçün robast yanaşmaların işlənməsi”, 01.05.2014 - 01.05.2015;
  • SOCAR Elm Fondu. “DeepOil-ML: İntellektual neft mədənləri üçün Deep Learning əsasında yeni texnologiyaların işlənməsi”, 04.01.2018 - 31.12.2018;
  • SOCAR Elm Fondu. “NG-AI4Oil: Neft mədənləri üçün yeni nəsil süni intellekt texnologiyalarının işlənməsi”, 10.09.2019 - 10.09.2020;

ARP EİF, “Böyük verilənlər ("Big Data") mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri” layihəsində iştirak edib.

Y.N.İmamverdiyev elmi-tədqiqat ilə yanaşı pedaqoji fəaliyyətini də davam etdirir. O, 2003-cü ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində doktorantlara və magistrlərə, 2007-2009 və 2022-ci illərdə Bakı Dövlət Universitetində, 2021-2022-ci illərdə AzTU-da dosent vəzifəsində çalışıb.

Onlarla magistr və doktoranta elmi rəhbərlik edib. Doktorantlardan biri (L.V.Suxostat) elmi fəaliyyətinə görə 2017-ci il Gənclər üçün Prezident mükafatına layiq görülüb.

2010-2021-ci illərdə AAK-ın tövsiyə etdiyi elmi nəşrlərdən “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” jurnallarının redaksiya heyətinin üzvü olub.

2013-2019-cu illərdə 5 “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” respublika konfransının təşkil edilməsinə məsul şəxs olub.  

Ailəlidir, iki övladı var.