![]() |
Tədris hissəsinin müdiri Məmmədov Ərəstun Salman oğlu 1966-cı ildə ziyalı ailəsində anadan olub. 1983-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Maşınqayırma fakültəsinin əyani şöbəsinə Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər ixtisası üzrə qəbul olub, I kursu bitirdikdən sonra ordu sıralarına hərbi xidmətə çağırılıb və 1984÷1986-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Ordudan təxris olunduqdan sonra AzPİ-da (AzTU) təhsilini davam etdirərək 1990-cı ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirib. 1990-cı ilin sentyabr ayından Maşınqayırma texnologiyası kafedrasında gənc mütəxəssis kimi stajkeçən-tədqiqatçı, 1993-cü ilin yanvarından həmin kafedrada assistent, baş müəllim, 2000-ci ilin noyabr ayından isə dosent vəzifəsində çalışıb. 1996-cı ilin iyun ayında Maşınqayırma texnologiyası ixtisası üzrə “Prosesin kinematikasının təkmilləşdirilməsi əsasında müstəvi pardaqlama texnoloji əməliyyatının optimallaşdırılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. 2005-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona Maşınqayırma texnologiyası kafedrasının dosenti elmi adı verilib. 2011-ci ildə Maşınqayırma fakültəsinə dekan, 2019-cu ilin dekabrında yenidən Maşınqayırma və robototexnika fakültəsinə dekan seçilib. 2021-ci ilin sentyabr ayından AzTU-nun Tədris hissəsinin müdiri vəzifəsinə təyin olunub. 70-dən çox əsərin, o cümlədən 1 patent, 4 dərs vəsaiti, 1 metodiki göstəriş və 10 fənn proqramının müəllifidir. Elmi əsərləri Almaniya, İngiltərə, Rusiya, Ukrayna və Respublikamızın qabaqcıl texniki dərgi və məcmuələrində çap olunub. Onun rəhbərliyi ilə 10 magistr dissertasiyası müdafiə edilib. Müxtəlif vaxtlarda Alman Akademik Mübadilə Xidmətinin (DAAD) xətti ilə AFR-nın Maqdeburq Universiteti (1998÷1999) və Xemnits TU-də (2004) elmi ezamiyyətdə olub. Həmçinin TEMPUS proqramı çərçivəsində “Azərbaycan Ali Məktəblərində müasir mühəndis təhsili” layihəsi üzrə Köln Ali məktəbində (2005) ezamiyyətdə olub. Onun təşəbbüsü ilə 2010-cu ildə AzTU ilə Almaniyanın Brandenburq Texniki Universiteti, 2017-ci ildə isə Çexiyanın Liberek Texniki Universiteti arasında maşınqayırma sahəsi üzrə tədqiqat, tədris və digər elmi sahələrdə əməkdaşlıq haqqında müqavilələr imzalanıb. Azərbaycan, Almaniya, Rusiya, Ukrayna, Çexiya və Polşanın 20-dən çox universitet və elm mərkəzlərini birləşdirən neseff- Beynəlxalq elmi-pedaqoji Şəbəkənin təşkilatçılarından biridir. AzTU-da fəaliyyət göstərən Dissertasiya Şurasının nəzdindəki Elmi Seminarın üzvüdür. AzTU-nun Elmi Şurasının üzvüdür. Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Ailəlidir, bir oğlu var. |