|
Ərəstun Salman oğlu Məmmədov 12 mart 1966-cı ildə anadan olmuşdur.
1983-cü ildə Ç.İldrım adına Azərbaycan Politexnik İnstitutuna (AzPİ, indiki Azərbaycan Texniki Universiteti, AzTU), Maşınqayırma fakültəsinin əyani şöbəsinə daxil olmuş, 1990-cı ildə həmin institutu maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
1984-1986-cı illərdə Ordu sıralarında hərbi xidmətdə olmuşdur
1990-cı ilin avqust ayından Maşınqayırma texnologiyası kafedrasına gənc mütəxəssis kimi stajkeçən-tədqiqatçı vəzifəsinə işə qəbul olunmuşdur.
1993-cü ilin yanvarından Maşınqayırma texnologiyası kafedrasında assistent, baş müəllim, 2000-ci ildən isə dosent vəzifəsində çalışır.
2005-2008-ci illərdə Maşınqayırma fakültəsinin tədris işləri üzrə dekan müavini vəzifələrində işləmişdir.
01.2009-06.2011-ci illərdə Maşınqayırma fakültəsinin dekanı vəzifəsini icra etmişdir.
06.2011-11.2019-cu illərdə Maşınqayırma fakültəsinin dekanı, 11.2019-09.2021-ci illərdə Maşınqayırma və robototexnika fakültəsinin dekanı, 09.2021-03.2023-cü illərdə AzTU-da Tədris hissəsinin müdiri vəzifələrində işləmişdir.
03.2023-02.2025-ci illərdə Alman mühəndislik fakültəsinin dekanı vəzifəsini icra etmişdir.
2025-ci ilin yanvarından AzTU-da Tədris şöbəsinin müdiri vəzifəsində çalışır.
Ə.S.Məmmədov 1996-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsini, 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə «Maşınqayırma texnologiyası» kafedrası üzrə dosent elmi adını almışdır.
Ə.S.Məmmədov 70-dən çox elmi əsərin, o cümlədən 3 patent, 5 dərs vəsaiti və 1 metodiki göstəriş və 15 fənn proqramının müəllifidir. Elmi əsərləri Almaniya, İngiltərə, İsveçrə, Rusiya və Ukraynanın qabaqcıl texniki dərgi və məcmuələrində çap olunmuşdur.
Alman Akademik Mübadilə Xidmətinin (DAAD) xətti ilə AFR-nın Maqdeburq (1998-1999) və Xemnits (2004) TU-də elmi ezamiyyətdə olmuşdur. Həmçinin TEMPUS proqramı çərçivəsində «Azərbaycan Ali Məktəblərində müasir mühəndis təhsili» layihəsi üzrə Köln Ali məktəbində (2005), 2010-cu ildən etibarən müxtəlif vaxtlarda Almaniyanın Brandenburq TU (B-TU) və Çexiyanın Liberek TU-də ERASMUS+ layihələri çərçivəsində ezamiyyətdə olmuşdur.
Azərbaycan Respublikası elm və təhsil nazirinin fəxri fərmanı, “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.
Ailəlidir, 1 övladı vardır.