Tədris şöbəsi

Tədris işlərinin təşkili və keyfiyyətin təminatı




Tədris işlərinin təşkili və keyfiyyətin təminatı

• Tədris işlərinin təşkili və keyfiyyətin təminatı şöbəsi Universitetin Tədris hissəsinin nəzdində struktur bölməsidir. Şöbə bu əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində fakültə və kafedraların keyfiyyət təminatı məsələlərinin təşkilinə rəhbərlik edir, təhsil proqramlarının keyfiyyətinə, təhsilverənlərin fəaliyyətinin qiymətləndirilməsinə, təhsilalanların bilk və bacarıqlarının səviyyəsinə nəzarəti həyata keçirir.
• Şöbə öz fəaliyyətində “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını, elm və təhsil sahələrinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyatı qərar və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ aktlarını, Təhsil nazirinin əmr və sərəncamlarını, təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanlarının müvafiq qərar, sərəncam və əmrlərini, Azərbaycan Texniki Universitetinin Nizamnaməsini və bu əsasnaməni rəhbər tutur.
• Şöbə bu qərarda nəzərdə tutulan vəzifə və funksiyaları yerinə yetirərkən universiterin digər struktur vahidləri ilə qarşılıqlı fəaliyyət göstərir.

Şöbənin fəaliyyət istiqamətləri

Şöbənin tədris işlərinin təşkili üzrə fəaliyyət istiqamətləri aşağıdakılardır:

1.1. Universitetin fakültə və kafedralarında tədris işlərini təşkil edir;

1.2. Tədris yüklərinə dair təsdiqlənmiş tapşırıqlar əsasında işçi tədris planlarının hazırlanmasına nəzarət edir;

1.3. Universitetin əyani, qiyabi və magistratura şöbələri üzrə illik işçi tədris planlarını yoxlayır;

1.4. Universitet üzrə yekun tədris yükünün həcmini müəyyənləşdirir;

1.5. Tədris planına uyğun dərslərin keçirilməsini təşkil edir;

1.6. Dərs cədvəllərinə müvafiq olaraq universitetin auditoriya fondunun səmərəli istifadəsini təmin edir;

1.7. Orta ixtisas təhsili və ali təhsil pillələlərində mövcud ixtisas siyahısının uyğunlaşdırılması, təhsil proqramlarının ardıcıllığının araşdırılması işlərini aparır;

1.8. Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

1.9. Universitetin professor-müəllim heyətinin, kafedraların və dekanların illik fəaliyyətinin reytinq qiymətləndirilməsi ilə bağlı müvafiq işləri həyata keçirir;

1.10. Təhsil sahəsində, eləcə də universitetin profilinə uyğun olan müəllim hazırlığı sahəsində məlumatların toplanması, öyrənilməsini və lazımi nəticələrin çıxarılmasına köməklik edir.

Şöbənin vəzifələri

Şöbənin müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

1. Hər tədris ilinin ikinci yarısında növbəti tədris ilinə “Hazırlıq haqqında ƏMR”-i hazırlayıb universitetin bütün fakültə dekanlıqlarına, kafedralarına və müvafiq struktur bölmələrinə çatdırır;

2. Universitet üzrə verilmiş “Hazırlıq haqqında Əmr”-də nəzərdə tutulan bütün tədbirlərin vaxtında və tələb olunan səviyyədə yerinə yetirilməsinə nəzarət edir;

3. Yeni tədris ili üçün təsdiq olunmuş tədris planlarına ciddi riayət etməklə fakültə dekanlıqları tərəfindən tərtib edilmiş “İxtisas üzrə illik işçi tədris planları”nı və ona müvafiq olaraq verilən tapşırıqların vaxtında kafedralara çatdırılmasına nəzarət edir;

4. Yeni tədris ili üçün həmin tapşırıqlar əsasında kafedraların tədris yüklərinin həcmini müəyyənləşdirib, fakültə dekanının imzası ilə təsdiq olunması üçün qəbul edir;

5. Akademik yükün professor-müəllim heyəti arasında bölüşdürülməsi üçün kafedraya geri verir;

6. Kafedralar üzrə tədris yüklərini təsdiq olunması üçün qəbul edərkən tədris yüklərinə aid formaların (forma 6, 3A, 3, əlavə 5, 6, 7, 8; kafedranın iş planı, tapşırıqlar, akt, hesabat) düzgün tərtib olunmasına, akademik yükün əmək müqaviləsi əsasında çalışan və ya kənardan dəvət olunmuş əməkdaşlar arasında normalara uyğun bölünməsinə nəzarət edir;

7. Universitetdə hazırlanan peşə ixtisasları üzrə mövcud tədris normaları və illik tədris yükü əsasında dərs cədvəllərini nizamlayır, mühazirə, seminar və praktik (laborator) məşğələlər üçün auditoriyaları müəyyənləşdirir və onları dərs cədvəllərində nəzərə alır;

8. Dərs cədvəllərinin (bakalavr, magistratura) elektron formada hazırlanması, universitetin auditoriya fondunun bölüşdürülməsi işlərini aparır;

9. Tədris ili ərzində kafedranın ştatında olan və ya kənardan dəvət edilmiş əməkdaşlara saathesabı olaraq həvalə edilmiş dərs yükünü yoxlayır və saathesabı əmrləri hazırlayır və İnsan Resursları şöbəsinə məlumat verir;

10. Hər ayın sonunda kafedralar üzrə saathesabı dərs deyən müəllimlərin fərdi olaraq faktiki yerinə yetirdikləri dərs yükü haqqında məlumatları toplayır, yoxlayır və müvafiq məlumatların Mühasibatlıq şöbəsinə göndərilməsini təmin edir;

11. Tədris ili ərzində dərs yükünə və müvafiq komissiyaların təşkilinə dair sərəncamları, komissiyanın təşkilinə aid əmr və sərəncamları tərtib edir;

12. Tədris ili ərzində akademik borcu olan (yəni çatışmayan kreditləri toplayan) tələbələr üçün semestrlər üzrə əlavə təşkil edilmiş dərslərə saathesabı qaydada cəlb edilən müəllimlərin dərs yükünü hesablayır və buna dair əmrləri hazılayır;

13. Əlavə təşkil olunmuş dərslər üçün (şənbə günü, həftəiçi dərslər) dərs cədvəllərini hazırlayır;

14. Dərslərin gedişatına nəzarət edir, əmək funksiyalarını pozan müəllim və daxili nizam-intizam qaydalarına əməl etməyən tələbələr haqqında müvafiq məlumatları hazırlayıb tədris hissə müdirinə məlumat verir;

15. Tədris ili ərzində bakalavriat və magistratura səviyyələrinda tanışlıq, istehsalat, elmi- pedaqoji və elmi-tədqiqat təcrübələrinə aid sifarişləri və əmrləri kafedraların təsdiq olunmuş tədris yükünə əsasən yoxlayır;

16. Saathesabı olaraq dərs tədris edən müəllimlər üçün tələb olunduğu halda dərs demələri barədə arayış hazırlamaq.

Şöbənin hüquqları

Şöbənin vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları var:

1. Tədris yükünün müzakirəsi ilə əlaqədar təşkil olunmuş iclaslarda iştirak etmək;

2. Dərs bölgüsü ilə əlaqədar təkliflər vermək;

3. Fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;

4. Dərslərin gedişatına nəzarət etmək, dərs pozuntusuna yol verən müəllim və tələbələr haqqında müvafiq məlumatları tədris hissə müdirinə çatdırmaq;

5. Müvafiq sahədə mütəxəssis hazırlanması və ixtisasının artırılması üçün təkliflər vermək;

6. Müəssisələr tərəfindən universitetə ünvanlanmış və icrası şöbəyə həvalə edilmiş müraciətlərə baxmaq, məktubları cavablandırmaq, hesabatları təqdim etmək;

7. Əsasnamə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirərkən səlahiyyətləri daxilində digər şöbələrdən və fakültələrdən müvafiq məlumatlar (sənədlər) almaq, sorğular ünvanlamaq;

8. Fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;

9. Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.