Sənaye Dizaynı, Yeni Material və Texnologiyalar İnstitutu
Sənaye Dizaynı, Yeni Material və Texnologiyalar İnstitutu Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının 3 fevral 2021-ci il tarixli qərarına əsasən təsis edilmişdir. İnstitutun yaradılmasında əsas məqsəd, elmi və texnoloji prinsiplərə əsaslanan sənaye dizaynı və yeni texnologiyaların formalaşdırılması, inkişaf etdirilməsi və bu istiqamətlər üzrə innovativ həllərin təşviqinə yönəlmiş tətbiqi tədqiqatların həyata keçirilməsidir.
İnstitutun fəaliyyət konsepsiyası müasir dizayn və texnologiyalar sahəsində aktual olan fundamental və tətbiqi tədqiqatların aparılmasını, bu sahədə qabaqcıl elmi potensiala malik mütəxəssislərin tədqiqat işlərinə cəlb olunmasını və elmi fəaliyyətlərin effektiv koordinasiyasını nəzərdə tutur. Həmçinin, məqsədyönlü şəkildə beynəlxalq səviyyədə tətbiq olunan qabaqcıl texnologiyaların, tədqiqat və inkişaf fəaliyyətlərinin izlənilməsi, onların lokal mühitə inteqrasiyası və tətbiq imkanlarının araşdırılması institutun əsas prioritetlərindən biridir.
İnstitut sənaye dizaynı və texnologiya sahəsində layihə əsaslı tədris yanaşmalarının təşviqinə, bu istiqamətlər üzrə ixtisaslaşmış, yüksək ixtisaslı və tədqiqat yönümlü kadrların hazırlanmasına fəal şəkildə töhfə verməyi qarşısına məqsəd qoymuşdur. Bununla yanaşı, müasir dizayn və texnoloji həllərlə bağlı proqram təminatlarına dair təlim proqramlarının hazırlanması və reallaşdırılması da institutun fəaliyyət istiqamətləri sırasında yer alır.
Ümumilikdə, Sənaye Dizaynı, Yeni Material və Texnologiyalar İnstitutu, elmi-tədqiqat və innovasiya mühitində fəal iştirak edərək ölkədə texnoloji inkişafın stimullaşdırılması, sənaye və akademik mühit arasında körpünün qurulması, yeni nəsil mühəndis və dizayner kadrların hazırlanması prosesində mühüm rol oynamaqdadır.