![]() |
Beynəlxalq ticarət, logistika və marketinq Iqtisad elmləri doktoru, professor Quliyev Rüfət Atakişi oğlu 6 may 1963-cü ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra T.Şevçenko adına Kiyev Dövlət Universitetinin (indiki T. Şevçenko adına Kiyev Milli Universiteti) İqtisadiyyat fakültəsinə qəbul olub və Siyasi iqtisad ixtisasına yiyələnib. (1981- 1986) 1986-ci ildən 1987-ci ilə kimi Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Siyasi iqtisad kafedrasında baş laborant, 1987-ci ildən isə müəllim işləyib. 1991-ci ildə müsabiqən keçərək həmin kafedrada baş müəllim, 1997-ci ildə isə müsabiqədən keçərək dosent vəzifəsini tutub. 1999-cu ildə dosent elmi adı alıb. 1995-ci ildə Azərbaycan Xalq Təsərrüfatı Universitetinin (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Elmi Şurasında 08.00.01 ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edərək, iqtisad elmləri namizədi elmi dərəcəsi alıb. 1999-cu ildə “Bakı-Tütün” Açıq Tipli Səhmdar Cəmiyyətinin (indiki “European Tobacco-Baku” ASC) İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. 1999-cu ildən əvəzçiliklə həmin kafedrada dosent vəzifəsinə keçirilib. 2004-cü ildə AMEA Iqtisadiyyat Institutunun Elmi Şurasında doktorluq dissertasiyası müdafiə edib. 2010-cu ildə professor elmi adı alıb. 200-ə yaxın elmi əsər və məqalənin,o cümlədən 7 monoqrafiya, 4 dərslik, 3 broşüranın müəllifidir. Onlardan 38-i ABŞ, Türkiyə, Rusiya, Ukrayna, Çexiya, Slovakiya, Latviya, Estoniya, Qazaxıstan və digər ölkələrin nüfuzlu elmi jurnallarında nəşr olunub. 2013-cü ilin yanvar ayından T.Şevçenko adına Kiyev Milli Universitetinin İqtisadiyyat fakültəsinin Maliyyə kafedrasının professorudur. 2013-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının iqtisadiyyat bölməsinin Ekspert Şurasının üzvüdür. Böyük Britaniya, Rusiya, Ukrayna, İtaliya, Çin Xalq Respublikası, Küveyt, Almaniya, Şimali Kipr, Latviya, Moldova, Qazaxıstan, BƏƏ-də təşkil edilən konfranslarda Azərbaycan iqtisadiyyatının inkişaf yolları, onun Azərbaycan modeli, əldə edilmiş uğurlar barədə çıxışlar edib. 2011-ci ildən 2013-cü ilə kimi AMEA Iqtisadiyyat İnstitutunun nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.181 dissertasiya şurasının üzvü olub. 2003-cü ildən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun Himayəçilər Şurasının üzvüdür. III və IV çağırışlarda Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. Hazırda İqtisadi siyasət komitəsinin üzvü, həmçinin MDB Parlamentlərarası Assambleyasının siyasi məsələlər və beynəlxalq əməkdaşlıq Daimi komissiyasının sədr müavini, Azərbaycan Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Danimarka, Hindistan, İtaliya, Ukrayna parlamentləri üzrə işçi qruplarının üzvü, GUAM-ın Parlament Assambleyasında Elm, Mədəniyyət və Təhsil üzrə Komitənin üzvüdür. Azərbaycan Həmkarlar Ittifaqı Konfederasiyasının “İşçilərin sosial-iqtisadi hüquqlarının və mənafelərinin qorunmasında xüsusi xidmətlərinə görə” medalı, İnsan hüquqlarının müdafiəsi Beynəlxalq Komitəsinin BMT-nin 60 illiyi münasibətilə fəxri yubiley medalı, Ukrayna Ədliyyə Nazirliyi İnsan hüquqlarının müdafiəsi Beynəlxalq komitəsinin fəxri medalı, MDB-nin 20 illiyi fəxri yubiley medalı, T.Şevçenko adına Kiyev Milli Universitetinin 3 fəxri medalı, Qırğızıstanın “Birimdik-Yedinstvo” Ictimai fondunun “Birimdik- Yedinstvo” ordeni ilə təltif olunub. |