Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Maşınqayırma və robototexnika Maşınqayırma texnologiyası kafedrası

Kafedra müdiri

Maşınqayırma texnologiyası kafedrasının
müdiri,
professor, texnika üzrə elmlər doktoru
Nizami Dəmir oğlu Yusubov
Tel: (+994 12) 539 10 27
E-poçt: nizami.yusubov@aztu.edu.az

Nizami Dəmir oğlu Yusubov 2 fevral 1965-ci ildə Lənkəran şəhərində qulluqçu ailəsində anadan olmuş və 1972-1982-ci illərdə Lənkəran şəhərinin 2 saylı orta məktəbində orta təhsil almışdır. Eyni zamanda 1981-1982-ci tədris ilində orta məktəbin 10-cu sinif şagirdi kimi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin iki illik Qiyabi Fizika məktəbini bir ilə qurtarmışdır. Orta məktəbdə oxuduğu illərdə şəhərin ictimai həyatında fəal iştirak etmiş, müxtəlif fənn olimpiadalarının iştirakçısı və qalibi olmuşdur.

1982-ci ildə Azərbaycan Politexnik İnstitutuna "Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər" ixtisası üzrə daxil olmuş, 1983-1985-ci illərdə, Sovetlər Birliyində qəbul olunmuş qərara əsasən, institutun birinci kursunu bitirib ordu sıralarında xidmət etmişdir. Ordu sıralarında 2-illik xidməti başa vurduqdan sonra 1985-1989 illərdə yenidən təhsilini Azərbaycan Politexnik İnstitutunda davam etdirmişdir. Ali məktəbdə təhsil aldığı illərdə dərs əlaçısı və Lenin təqaüdçüsü olmuşdur.

N. D. Yusubov 1989-cu ildə Azərbaycan Politexnik İnstitutunu «Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər» ixtisası üzrə tam kursu fərqlənmə diplomu ilə bitirmiş və «Maşınqayırma texnologiyası» kafedrasnın tövsiyəsi və Maşınqayırma fakultəsi Elmi Şurasının qərarı ilə stackeçən tədqiqatçı kimi kafedrada saxlanılmışdır.

N.D. Yusubov 1990-cı ilin sentyabrından Çelyabinsk Politexnik İnstitutuna (sonralar Çelyabinsk Dövlət Texniki Universiteti (ÇDTU), hazırda Cənubi Ural Dövlət Universiteti (CUrDU)) məqsədli aspiranturaya göndərilmiş və 1993-cü il yanvar ayının 25-də ÇDTU-da 05.02.08-"Maşınqayırma texnologiyası"ixtisası üzrə "Torna-revolver avtomatlarında səthlərin emal planlarının məhsuldarlıq kriteriyası üzrə optimallaşdırılması" mövzusunda namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsini almışdır.

N. D. Yusubov 1993-cü ilin oktyabr ayından "Maşınqayırma texnologiyası" kafedrasında assistent, 1994-cü ilin noyabrından baş müəllim və 1995-ci ilin noyabr ayından dosent, 2013-cü ilin noyabr ayından 09 sentyabr 2015-ci ilə qədər professor vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Təhsil Naziri Mikayıl Cabbarovun 09 sentyabr 2015-ci il tarixli 11/944 saylı əmri ilə professor Nizami Dəmir oğlu Yusubov Lənkəran Dövlət Universitetinin (LDU) tədris işləri üzrə prorektoru təyin edilmişdir. 29.03.2016-30.05.2016-cı ildə N.D. Yusubova LDU-nun rektor vəzifəsinin icrası müvəqqəti olaraq həvalə edilmişdır.

N. D. Yusubov 1998-ci ilin fevral ayının 2 - də Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə «Maşınqayırma texnologiyası» kafedrası üzrə dosent elmi adını almışdır.

N. D. Yusubov 02 dekabr 2009-cu ildə AzTU-nun nəzdindəki D. 02. 171 Dissertasiya Şurasında 05.02.08-«Maşınqayırma texnologiyası» ixtisası üzrə «Torna avtomat - dəzgahlar qrupunda çoxalətli emalın səmərəliliyinin yüksəldilməsi» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və 07 yanvar 2011 - ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə texnika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.

N.D. Yusubov 2015-ci ilin may ayının 22-də Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə «Maşınqayırma texnologiyası» kafedrası üzrə professor elmi adını almışdır.

195-dən çox elmi və tədris-metodiki işin, o cümlədən 1 sorğu materiallarının (Rusiyada çap olunmuşdur), 1 istiqamətləndirici texniki materialların, 4 ixtira, 4 monoqrafiya (bunlardan 3-ü Almaniyanın Saarbryükken şəhərində yerləşən AV Akademikerverlag Gmbh & Co. KG / LAP LAMBERT Academic Publishing nəşriyyatında çap olunmuşdur), 3 dərslik, 9 dərs vəsaiti (bunlardan 1-i Rusiyada çap olunmuşdur), 10 metodiki göstəriş, 1 metodiki vəsait və 19 proqramın, 5 fənn üzrə test imtahan suallarının müəllifidir. Elmi əsərlərindən 34 – i ABŞ, Almaniya, İsveç, Rusiya, Türkiyə, Belarusiya və Ukraynanın qabaqcıl texniki dərgi və məcmuələrində çap olunmuşdur. Müxtəlif beynəlxalq, eləcə də respublika elmi-texniki və metodiki konfranslarda çıxış etmişdir. Çap olunmuş tədris proqramları AzTU-nun «Maşınqayırma texnologiyası» kafedrasının yeni tədris etdiyi fənlər – «Maşınqayırmada texnoloji proseslərin kompyuter layihələndirilməsi», «Müasir renovasiya texnologiyaları», «Texnoloji proseslərin renovasiyası əsasları», «Renovasiya obyektlərinin diaqnostikası», «Perspektiv renovasiya texnologiyaları», «Maşınqayırma müəssisələrinin layihələndirilməsi və renovasiyası» və. s. üzrə olmuş və bu işlər fənlərin tədrisinin keyfiyyətinin yüksəldilməsinə xidmət etmişdir. Bu günə qədər rəhbərliyi altında 8 magistr dissertasiyası müdafiə edilmişdir. Hal-hazırda bir texnika üzrə fəlsəfə doktoru dissertasiyasına rəhbərlik edir.

N.D. Yusubov kafedranın tədris etdiyi fənnlərdən LDU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə təyin edilənədək AzTU-nun “Maşınqayırma texnologiyası” kafedrasında mühazirələr oxumuş, laboratoriya və məşğələ dərslərini aparmış, kurs layihəsi və buraxılış işlərinə, tədris və istehsalat təcrübələrinə rəhbərlik etmişdir. Kafedra üzrə dövlət büdcəli elmi-texniki işin məsul içraçısı olmuş və hal-hazırda da məsul icraçısıdır.

N.D. Yusubov 04.08.1996-26.09.1996-cı ildə Almaniyanin İzerlon şəhərində Höte İnstitutunda Deutsch Kurs (Alman dili) kursunu bitirmişdir.

N.D. Yusubov DAAD (Almaniya Akademik Mübadilə Xidməti) xətti ilə Almaniya Federativ Respublikasının Braunşveyq Texniki Universitetinin Metalkəsən dəzgahlar və maşınqayırma texnologiyası institutunda (1 il 2 ay 27.09.1996-15.11.1997), Drezden Texniki Universitetinin İstehsal texnologiyası institutunda (3 ay 01.08.2001-31.10.2001) və Aaxen Ali Texniki Məktəbinin Metalkəsən Dəzgahlar Laboratoriyasının Metalkəsən dəzgahlar kafedrasında (2 ay 01.08.2012-30.09. 2012) elmi tədqiqatlar aparmış və elmi mübadilələrdə, eləcə də alman ali təhsil sistemi ilə bağlı elmi kollokviumlarda iştirak etmişdir.

N.D. Yusubov 21.02.2015-15.03.2015-ci ildə ABŞ-da Dövlət Departamentinin International Visitor Leadership Proqram (IVLP) üzrə "ABŞ-da ali təhsilin idarə olunması" təlim kursunu keçmiş və beynəlxalq sertifikat almışdır.

N.D. Yusubov 01.06.2015-31.07.2015-ci ildə DAAD xətti ilə Almaniyada Drezden Texniki Universitetinin "İstehsal texnologiyası" institutunda qonaq professor kimi elmi tədqiqatlar aparmış və məruzə ilə elmi kollokviumda çıxış etmişdır.

N.D. Yusubov 1994-1996-ci illərdə maşınqayırma fakültəsinin elmi işlər üzrə dekan müavini vəzifəsində çalışmış, 2006-2010-cu və 2011-2014-cü illərdə AzTU-nun nəzdindəki D02.171 Dissertasiya Şurasının Elmi Seminarının üzvü, 2011-2014-cü illərdə isə eyni zamanda AzTU-nun nəzdində fəaliyyət göstərən, elmi dərəcə verən (fəlsəfə doktoru və elmlər doktoru) D. 02. 171 Dissertasiya şurasının üzvü olmuşdur.

N.D. Yusubov 14.09.2015-01.11.2016-cı il müddətində Lənkəran Dövlət Universitetinin (LDU) Elmi Şurasının üzvü, 02.11.2015-01.11.2016-ci il müddətində LDU-nun Elmi-Metodiki Şurasının sədri olmuşdur.

N.D. Yusubov Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun ölkədə sənayenin inkişafı sahəsində aparılan əhəmiyyətli elmi araşdırma və tədqiqatların dəstəklənməsinə yönəlmiş layihələrin qrantlar yolu ilə maliyyələşdirilməsi üçün 2014-cü ildə “Sənaye qrantı” məqsədli müsabiqəsinə (EİF/MQM/Sənaye-2014-4(19)) təqdim olunmuş qrant layihəsinin qiymətləndirilməsi üzrə müstəqil eksperti kimi də fəaliyyət göstərmişdir.

N.D. Yusubov 01.04.2014-cü ildən Rusiyanın Çelyabinsk şəhərində yerləşən Cənubi Ural Dövlət Universitetinin "Вестник ЮУрГУ" jurnalının "Машиностроение" seriyasının redaksiya heyətinin üzvü, 17.04.2015-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Texnika elmləri bölməsi üzrə Ekspert şurasının üzvüdür.

N.D. Yusubov AzTU-da işlədiyi müddətdə universitet, fakultə və kafedranın ictimai işlərində də fəal iştirak etmişdir.

Evlidir, 3 övladı (2 qız və 1 oğlan) var.