Maşınqayırma texnologiyası kafedrası 1932-ci ildə Metalların soyuq emalı adı ilə Azərbaycan Sənaye İnstitutunda yaradılıb. 1942-ci ildən kafedra Maşınqayırma texnologiyası adlandırılıb. 1950-ci ildə Azərbaycan Sənaye İnstitutunun Tikinti, Dəmir yolu nəqliyyatı və Mexanika fakultələrinin əsasında Azərbaycan Politexnik İnstitutu (indiki Azərbaycan Texniki Universiteti) yaradılıb və Mexanika fakultəsində Maşınqayrma texnologiyası kafedrası fəaliyyətini davam etdirib. 1951-ci ildə kafedranın 20 nəfərdən ibarət ilk buraxılışı olub.
Kafedranın mühəndis kadrlarının hazırlanması imkanlarının artması və ixtisaslaşmaya tələblərin yüksəlməsi ilə əlaqədar olaraq, vaxtı ilə fəaliyyət göstərən Metalkəsən dəzgahlar və alətlər, Avtomatlaşdırılmış istehsalın texnologiyası, Maşınqayırmada avtomatlaşdırılmış layihələndirmə sistemləri, Maşınların etibarlığı və təmir texnologiyası, Texnoloji komplekslər və xüsusi texnika, Metrologiya və standartlaşdırma kafedraları və hazırda fəaliyyət göstərən Xüsusi texnologiyalar və avadanlıqlar kafedrası Maşınqayırma texnologiyası kafedrası əsasında yaradılıb.
1951-ci ildən 1996-cı ilə qədər AzTU-da Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər ixtisası üzrə 15527 mühəndis hazırlanıb. 1992-ci ildən etibarən kafedra Maşınqayrma və material emalı istiqaməti üzrə bakalavr və 1998-ci ildən isə magistr hazırlığına başlayıb.
Kafedranın ixtisas fənnlərinin tədrisində kompüter texnologiyası geniş tətbiq olunur. Kafedrada tədrisin keyfiyyətini yüksəltmək üçün tədris prosesində hiper mətn texnologiyaları əsasında tərtib edilmiş elektron tədris vasitələrindən, mültimediya texnologiyalarından, animasiya vasitələrindən geniş istifadə edilir. Kafedranın laboratoriya və ixtisaslaşmış auditoriyaları 5 ədəd interaktiv lövhə və 4 ədəd elektron proyektorla təmin edilmiş, Universitetin İNTERNET şəbəkəsinə qoşulmuşdur.
Kafedranın nəzdində 8 müasir cihaz və ölçü vasitələri ilə təchiz edilmiş tədris laboratoriyası fəaliyyət göstərir: Çevik istehsal kompleksləri; Virtual-layihə-texnoloji tədris mərkəzi; Avtomatlaşdırılmış layihələndirmə sistemləri, “Hexagon” koordinat metrologiya laboratoriyası”, “Qarşılıqlı əvəzolunma”, “Texniki ölçmələr”, “Sınaq və sınaq avadanlıqları” və “İnnovasiya ölçmə laboratoryası”.