![]() |
Elektrotexnika kafedrasının müdiri Hikmət Səxavəddin oğlu Əliyev 1964-cü ildə Kürdəmir rayonunda anadan olub. Orta təhsilini həmin rayonda bitirib və 1982-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Elektrotexnika fakültəsinin “Elektroizolyasiya, kabel və kondensator texnikası“ ixtisası üzrə qəbul olub. 1983-1985-ci illərdə Ordu sıralarında xidmət edib sonra təhsilini davam etdirərək 1989-cu ildə insititutu bitirib və ”mühəndis-elektrik“ ixtisasına yiyələnib. 1989-1992-ci illərdə ÜİET Olefinlər İnstitutunda mühəndis işləyib, aspiranturaya (doktorantura) qəbul olunub və elmi işçi vəzifəsində çalışıb. 1992-1996-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi vəzifəsində çalışıb. 1995-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda “Polimerlər-nitridlər və karbidlər əsasında dielektrik kompozitlərin istilik keçiriciliyi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək 01.04.10-“Yarımkeçiricilər və dielektriklər fizikası” ixtisası üzrə fizika riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb. 1992-1995-ci illərdə AzTU-nun Enerji təchizatı və elektrik izolyasiyası kafedrasında 1996-cı ildə müsabiqə yolu ilə baş müəllim, 1998-ci ildən isə dosent vəzifəsində çalışıb. 2000-ci ildə dosent elmi dərəcəsini alıb. 2004-2008-ci illərdə Elektrotexnika və energetika fakültəsinin dekanı vəzifəsində çalışıb. Bununla yanaşı, 2011-ci ildən AzTU-da “Azərbaycan üçün mühəndis təhsilində tədris prosesinin Bolonya prosesinə uyğunlaşdırılması” (Tempusprojekt: 516678 TEMPUS-1-2011-1-DE-TEMPUS-JPCR 15.10.2011-14.10.2015-ci illər üçün.) adlı Tempus layihəsinin əlaqələndirici şəxsi kimi fəaliyyət göstərib. 2015-ci ilin mart ayına qədər AzTU-nun Elektrik təchizatı və izolyasiyası kafedrasının dosenti vəzifəsində çalışıb. 2015-ci ilin mart ayından etibarən Elektromexanika və elektrik avadanlığı kafedrasının müdiri vəzifəsinə seçilib. 2019-cu ilin oktyabr ayından Elektromexanika və elektrik avadanlığı kafedrası və Elektrotexnika kafedrası birləşdirilərək, Elektrotexnika və elektrik avadanlığı adlandırılıb və Hikmət Səxavəddin oğlu Əliyev yenidən kafedranın müdiri seçilib. 2021-ci il fevral ayının 9-da Azərbaycan Texniki Universitetinin Elmi Şurasının qərarı ilə Elektrotexnika və elektrik avadanlığı kafedrasının adı dəyişdirilərək Elektrotexnika adlandırlıb. Hazırda Hikmət Səxavəddin oğlu Əliyev həmin kafedraya rəhbərlik edir. “Polimerlər əsasında yeni kompozisiya materiallarının işlənməsi və tədqiqi” elmi istiqamətində tədqiqat işləri aparır. 90-a yaxın elmi əsərin, o cümlədən 24 dərs və metodiki vəsaitin müəllifidir . 31 dekabr 2020 ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanda mühəndis kadrlarının hazırlanması və texniki elmlərin inkişafında xidmətlərinə görə “Əməkdar mühəndis” fəxri adı verilmişdir. Ailəlidir, iki övladı var. |