Energetika və avtomatika

Elektrotexnika kafedrası

Elektrotexnika kafedrası Azərbaycan Texniki Universitetinin (AzTU) yaradıldığı ilk gündən fəaliyyət göstərən kafedralardan biridir. 1920-ci ildə Bakı Politexnik məktəbinin əsasında yaranan və Bakı Politexnik İnstitutu adlanan Azərbaycan Texniki Universitetinin ilk beş fakültəsindən biri olan Elektromexanika fakültəsinə daxil olaraq müxtəlif adlarla fəaliyyət göstərən kafedra, hazırda Elektrotexnika adı ilə fəaliyyət göstərir.

Azərbaycan Texniki Universiteti (AzTU) 1950-ci ildə tərkibində 4 fakültə olmaqla Azərbaycan Politexnik İnstitutu adı altında fəaliyyət göstərməyə başlayandan sonra 1950-ci ildə institutda Elektrotexnika və istilik texnikası kafedrası yaradılıb. 1950-1952-ci illərdə bu kafedraya texnika elmləri doktoru, professor Konstantin Vasilyeviç Pokrovski rəhbərlik edib.

1952-ci ildə müstəqil Elektrotexnika kafedrası yaradılıb. 1960-1983-cü illərdə kafedranın müdiri vəzifəsində t.e.n, dosent Səmayə Saleh qızı Rəfili çalışıb. Kafedrada qeyri-elektrotexniki ixtisaslar üçün elektrotexnika fənni ilə yanaşı, Avtomatika və hesablama texnikası fakültəsində hazırlanan ixtisaslara müvafiq olaraq “Elektrotexnikanın nəzəri əsasları” və “Elektrik dövrələr nəzəriyyəsi” fənləri tədris olunduğundan 1961-ci ildən kafedra Ümumi və nəzəri elektrotexnika kafedrası adlandırılıb. 1964-cü ildə Elektrotexnika fakültəsinin yaradılması ilə əlaqədar olaraq Ümumi və nəzəri elektrotexnika kafedrası onun tərkibinə keçirilib.

Ümumi və nəzəri elektrotexnika kafedrasının bazası əsasında Azərbaycan Texniki Universitetində Elektrotexnikanın nəzəri əsasları, Elektroizolyasiya, kabel və kondensator texnikası və Ümumi elektrotexnika kafedraları yaradılıb. 1973-cü ildə qeyri-elektrotexniki ixtisaslar üzrə təhsil alan tələbələrə tədris olunan Elektrotexnika fənninin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə yaradılan Ümumi elektrotexnika kafedrasına 1973-cü ildən 2000-ci ilə qədər t.e.d., professor Əzizağa Əliağa oğlu Fərhadov, t.e.d., professor İsmayıl Abbasqulu oğlu Quliyev, t.e.n., dosent Tofiq Məmməd oğlu Məmmədov, t.e.n, professor Fəxrəddin İbrahim oğlu Seyidov rəhbərlik edib.

Ümumi elektrotexnika kafedrası 1996-cı ildən Elektrotexnika və elektrik avadanlığı kafedrası adlandırılıb.

2000-2015-ci illər kafedraya t.e.n., dosent Tofiq Xudaverdi oğlu Hüseynov və t.e.d., professor Teyqubad Bayram oğlu Qurbanov rəhbərlik ediblər.

2015-ci ildə kafedranın adı dəyişdirilərək Elektromexanika və elektrik avadanlığı kafedrası adlanıb.

2019-cu ilin oktyabr ayında Elektromexanika və elektrik avadanlığı kafedrası ilə Elektrotexnika kafedrası yenidən birləşdirilərək Elektrotexnika və elektrik avadanlığı kafedrası adlandırılıb.

2021-ci il fevral ayının 9-da Azərbaycan Texniki Universitetinin Elmi Şurasının qərarı ilə Elektrotexnika və elektrik avadanlığı kafedrasının adı dəyişdirilərək Elektrotexnika adlandırlıdı.

Hazırda kafedrada Elektrik mühəndisliyi ixtisası üzrə bakalavr və magistr hazırlığı və "Elektrik və Elektronika mühəndisliyi" ixtisası üzrə isə bakalavr hazırlığı həyata keçirilir.

Kafedranın əlaqələri.

Kafedra “Azərenerji”ASC, Bakı Metropoliteni QSC, “Azərişıq” ASC, GÖKNUR kabel zavodu, Sumqayıt Texnologiyalar Parkı Kabel Zavodu (STP), kimi iri respublika miqyaslı istehsalat sahələri ilə yanaşı , xarici ölkələrin ali məktəbləri ilə də, o cümlədən, Türkiyənin Ankara Universiteti, Qazi Universiteti və Manisa Cəlal Bayar Universiteti, Latviyanın Riqa Texniki Universiteti, Almaniyanın KölnTətbiqi Elmlər Universiteti (TH Köln University of Applied Sciences), Avstriyanın Qrats Texniki Universiteti (Technische Universität Graz), Polşanın Varşava Texnologiya Universiteti (Warsaw University of Technology), Rusiyanın Moskva Energetika İnstitutu, Ukraynanın A.N. Beketov adına Xarkov milli şəhər təsərrüfatı Universiteti (Харьковский национальный университет городского хозяйства имени А.Н. Бекетова) ilə sıx əməkdaşlıq edir.

Kafedrada hazırda AMEA-nın Fizika İnstitutu, Radiasiya Problemləri İnstitutu və Azərenerjinin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu ilə birgə elmi-tədqiqat işləri aparılır.