AzTU THIK haqqında
Tələbələr həmişə gənclərin ən aktiv hissəsi olaraq tanınıblar. Təbii ki, bu enerjini tənzimləyən, onu doğru istiqamətə aparan və ona kömək edən strukturlara böyük ehtiyac duyulmaqdadır.
Tələbə həmkarlar komitələri yuxarı təşkilatların dəstəyi ilə tələbələrin təhsilalma şəraitlərinin yaxşılaşdırılması, çətin həyat durumlarına maddi dəstək verilməsi, işlə təmin olunmasına yardım göstərirlər.
Sovet dönəmində ali təhsil məktəblərində tələbələrin problemləri ilə bir neçə təşkilat məşğul olurdu: partiya, komsomol və həmkarlar təşkilatları. Yeni formalaşmış müasir sistemdə isə həmkarlar təşkilatlarının rolu daha da artmışdır.
Bu nöqteyi-nəzərdən Azərbaycan Texniki Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) fəaliyyəti böyük önəm daşıyır. 9 mindən artıq bakalavr, magistr və aspirant kollektivini özündə birləşdirən, dövlət qeydiyyatından keçmiş yeganə ictimai tələbə təşkilatı olan THİK universitetin idarə olunmasında da yaxından iştirak edir. Belə ki, təşkilatın fakültə nümayəndəsi Fakültə Elmi Şurasının, Komitənin sədri isə Universitetin Böyük Elmi Şurasının tamhüquqlu üzvüdür. Azərbaycan Texniki Universitetində tələbələrlə bağlı qəbul olunan bütün qərarlarda bu qurumun rəyi nəzərə alınır.