International

İkitərəfli əməkdaşlıq çərçivəsində mübadilə




İkitərəfli əməkdaşlıq müqaviləsi əsasında müqavilə tərəfləri arasında tələbə və müəllim mübadiləsi həyata keçirmək mümkündür. Bu zaman, tələbələr qəbul aldıqları universitetdə 1 semestr - 1 tədris ili müddətində təhsil ala, 1 həftə - 3 ay müddətində təcrübə keçə bilərlər. Müəllimlər isə qısa müddətli, yəni 1 həftə - 1 ay müddətində tədris prosesində iştirak edə və ya təlimlərə qatıla bilər. Eləcə də, tədqiqatçılar elmi tədqiqat işlərinin həyata keçirilməsi üçün qısa müddətli mübadiləyə qoşula bilərlər. Həmçinin, əməkdaşlıq çərçivəsində iştirak edilən konfrans, simpozium və bir sıra beynəlxalq akademik və elmi əməkdaşlıq tədbirlərini də mübadilə kateqoriyasına aid etmək olar. 

Bu tip mübadiləni, adətən, hər iki universitet üçün ortaq olan bütün sahələr üzrə həyata keçirmək mümkündür. Ümumi orta müvəffəqiyyət göstəriciləri yüksək (adətən 75 bal və daha çox) olduqda və müvafiq xarici dil biliyini təsdiq edən sənəd təqdim etməklə tələbələr mübadiləyə müraciət edə bilirlər. Bu zaman, qəbul prosesi tədris/təcrübənin həyata keçiriləcəyi universitetin qaydalarına əsasən aparılır.

İkitərəfli əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilən tələbə mübadiləsi zamanı mübadilədə iştirak edən şəxs qəbul aldığı xarici universitetdə təhsil haqqından azad olur. Digər bütün xərcləri – yol, qonaqlama və gündəlik – müqavilədə ödənişlə bağlı xüsusi hal olmadığı təqdirdə, tələbə tərəfindən qarşılanır. Xərclərlə bağlı şərtlər tədqiqatçı və müəllimlər üçün də keçərlidir, lakin danışıqlar əsasında qonaqlamanı qəbul edən universitet təmin edə bilər. Göndərən universitetin prioritet hesab etdiyi beynəlxalq tədbirlərdə iştirakla bağlı xərclər həmin universitet tərəfindən qarşılana bilər.