Azərbaycan Texniki Universitetində (AzTU) böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq yazıçı Sona İsmayılovanın “Sözün xaqanı” adlı tarixi romanının təqdimatı olub.
Tədbiri giriş sözü ilə açan AzTU-nun Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamın əhəmiyyətini xüsusi vurğulayaraq bu hadisəni ədəbi irsimizə göstərilən dövlət qayğısının bariz nümunəsi kimi dəyərləndirib. Daha sonra o, yazıçı Sona İsmayılovanın həyat və yaradıcılığından, əsərlərinin dörd cildə nəşr edildiyindən bəhs edib, onun qələmə aldığı “Sözün xaqanı” adlı tarixi romanının ədəbiyyatımıza mühüm töhfə olduğunu, ölkəmizin hüdudlarından kənarda belə həmin romanın təqdimatının keçirildiyini, əsərə dair müzakirəklərin geniş və maraqlı şəkil aldığını qeyd edib.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstuitutunun əməkdaşları, filologiya elmləri doktoru Lütfiyyə Əsgərzadə və filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova, Xızı rayon Giləzi qəsəbə M.Müşfiq adına tam orta məktəbin direktoru Svetlana Rüstəmova, yazıçılar Əli Vəliyev, Tarverdi Abbasov, Samir Abdullayev, şairlər Sevda Muradəliyev, Xəzər Hikmətoğlu, filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalı çıxış edərək Sona İsmayılovanın yaradıcılıq irsinin əhəmiyyətindən, “Sözün xaqanı” romanının Azərbaycan ədəbiyyatına, həmçinin Xaqani Şirvaninin həyat və fəaliyyətinə, şairin yaşadığı dövrün müəyyən məqamlarına dair məlumatların əldə edilməsi baxımından mühüm bir töhfə olduğunu bildiriblər.
Yazıçı Sona İsmayılova çıxış edərək romanın ərsəyə gəlməsinə dair mühüm məqamları açıqlayıb, hər bir detala aydınlıq gətirib, həmçinin yaradıcılığına göstərilən xüsusi diqqətə görə AzTU-nun rəhbərliyinə, müəllim və tələbə kollektivinə dərin minnətdarlığını bildirib.
Tədbirin sonunda Sona İsmayılova, o cümlədən qonaq qismində iştirak edən digər yazıçı və şairlər müəllifi olduqları kitabları universitetə hədiyyə ediblər.