Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 21 fevral tarixli Sərəncamına uyğun olaraq Humanitar fənlər kafedrasının əməkdaşları - fil.ü.f.d, dosent Aynur Fərəcova, fil.ü.f.d., dosent Nərminə İsayeva, fil.ü.f.d., dosent Pərvin Abdullabəyova, müəllim Vüsalə Cəfərzadə görkəmli söz sənətkarının həyat və yaradıcılığına həsr olunmuş xüsusi dərslər təşkil ediblər.
Dərs zamanı Azərbaycan poeziyasının görkəmli nümayəndəsi kimi Bəxtiyar Vahabzadə yaradıcılığının Azərbaycan ədəbiyyatına dəyərli töhfə olduğu, vətənpərvərlik duyğuları ilə zəngin irsinin Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil etdiyi bildirilib.
Həmçinin dərin ictimai-siyasi və poetik-fəlsəfi məzmunlu əsərləri ilə şairin Vətənə, millətə, doğma ana dilinə sonsuz məhəbbətinin ifadə edildiyi, milli müstəqillik şüuruna, azərbyacançılıq məfkurəsinə, ümumtürk idealarına yüksək mənada bağlılığı xüsusi vurğulanıb.
Sonra şairin həyat və yaradıcılığını özündə əks etdirən fotolar və videoçarx nümayiş etdirilib.
Tələbələrin hazırladıqları prezentasiyalar təqdim olunub, şeirlər səsləndirilib.
Mövzu ətrafında tələbələrin çoxsaylı sualları cavablandırılıb.