İnformasiya və telekommunikasiya texnologiyaları

Kompüter texnologiyaları kafedrası

Kafedra hələ ötən əsrin 70-80-ci illərində SSRİ Təhsil Nazirliyinin planına uyğun olaraq, elektron hesablama maşınları (EHM) ixtisası üzrə kadr hazırlığına başlamışdır. Sonradan hesablama texnikası vasitələrinin element bazasının və proqram təminatının inkişafı ilə əlaqədar olaraq, kafedra müxtəlif illərdə “Elektron hesablama maşınları”, “Elektron hesablama maşınları, sistem və şəbəkələri”, “İnformatika və kompüter texnikası”, “İnformasiya texnologiyaları və proqramlaşdırma”, “Kompüter sistemləri və şəbəkələri” adları ilə fəaliyyət göstərmiş, EHM, kompüterlərin proqram-texniki təminatı, kompüter şəbəkələri, proqramlaşdırma və s. sahələrdə ixtisaslı mühəndis kadrların hazırlığını həyata keçirib.

Son illərdə AzTU-da həyata keçirilən reformalar zamanı 2020-ci ildə kafedra Kompüter texnologiyaları və kiber təhlükəsizlik  kafedrası adlandırıllıb, kafedraya “Kompüter mühəndisliyi” ixtisası ilə “İnformasiya təhlükəsilziyi” ixtisası üzrə mütəxəssis hazırlığı həvalə edilib.

2022-ci ildən kafedra Kompüter texnologiyaları adı ilə fəaliyyətini davam etdirir.

Kafedrada 2022-2023-cü tədris ilindən bakalavr səviyyəsində Türkiyənin Ankara Universiteti ilə “Kompüter mühəndisliyi” ixtisası üzrə ikili diplom proqramı çərçivəsində birgə təhsilə başlayıb. Bu proqram çərçivəsində qəbul olunan tələbələr I və II kurslar AzTU-da, III və IV kurslar isə Ankara Universitetində oxuyacaq. Təhsilini müvəffəqiyyətlə başa vuran tələbələrə həm AzU-nun, həm də Ankara Universitetinin diplomu veriləcək.

Bununla yanaşı, kafedrada Xarkov Milli Texniki Universiteti ilə magistratura səviyyəsində “Kompüter sistemləri və şəbəkələri” və “Sistem proqramlaşdırması” ixtisasları üzrə ikili diplom proqramı ilə bağlı razılaşma əldə olunub.

Kafedrada mütəxəssis hazırlığı həyata keçirilən ixtisaslarda Azərbaycandan olan tələbələrlə yanaşı, bir sıra xarici ölkələrin (Türkiyə, İran, Rusiya, Gürcüstan, Suriya, İraq, Əfqanıstan və s.) tələbələri də təhsil alırlar.

Təhsil alanlar “İnformasiya texnologiyaları” və “Kompüter mühəndisliyi” ixtisasları üzrə fundamental və nəzəri biliklərlə yanaşı, əmək bazarının tələblərinə uyğun olaraq praktiki hazırlıq keçirlər. Müasir informasiya və kompüter texnologiyaları sahəsində ən son nailiyyətləri mənimsəmələri, praktiki təcrübəyə və sistemli təfəkkürə malik olmaları məzunların əmək bazarının tələblərinə asanlıqla uyğunlaşmasına və müvafiq işlə təmin olunmasına imkan verir.

Məzunların əksəriyyəti İKT, rabitə və telekommunikasiya, bank, neft, müdafiə sənayesi sektorlarında informasiya texnologiyaları və kompüter mühəndisliyi, o cümlədən kompüterlərin proqram-texniki təminatının, kompüter sistemlərinin və şəbəkələrinin qurulması, sazlanması və istismarı, şəbəkə texnologiyaları, Web texnologiya, proqramlaşdırma və s. sahələrdə fəaliyyət göstərirlər.

Kafedranın professor müəllim heyəti və doktorantları tərəfindən kompüter sistemlərində və şəbəkələrində informasiyanın təhlükəsizliyi, kriptoqrafik və steqanoqrafik qorunması, təhlükəsizlik vəziyyətinin monitorinqi və qiymətləndirilməsi, intellektual informasiya axtarışı üsulları, paylanmış strukturlu intellektual informasiya-axtarış sisteminin yaradılması, plagiatın aşkarlanması, verilənlərin intellektual emalı və təhlili, korporativ informasiya infrastrukturları üçün hesablama buludlarının yaradılması və təhlükəsizliyinin təmin edilməsi, sosial şəbəkələrin tədqiqi, ağıllı texnologiyalar (ağıllı şəhər, ağıllı kənd, ağıllı ev) və s. istiqamətlərdə elmi tədqiqatlar aparılır. Aparılan elmi-tədqiqat işlərinə doktorantlarla yanaşı, magistr və bakalavr tələbələr də cəlb edilir.

Alınmış nəticələr beynəlxalq və respublika əhəmiyyətli konfranslarda məruzə edilir, maraqla qarşılanaraq müzakirə olunur. Hər tədris ilində bakalavr və magistrlər apardıqları elmi-tədqiqat işləri haqqında universitetdə keçirilən tələbə elmi-texniki konfranslarında məruzə ilə çıxış edirlər. Kafedra əməkdaşlarının elmi əsərləri nüfuzlu elmi jurnallarda, eləcə də Web of Science, Scopus, Ulakbim və digər indeksli bazalara daxil olan jurnallarda çap olunur.