Logistika və Nəqliyyat İnstitutu respublikanın və xarici dövlətlərin aparıcı universitetlərinin müvafiq qurumları ilə logistika və nəqliyyat sahəsi üzrə elm və innovasiyalar istiqamətində müntəzəm bilik mübadiləsi aparmağı əsas tutur. 

Daşkənd Dövlət Nəqliyyat Universitetinin əməkdaşları 2022-2023 cü illər ərzində şəhlərin nəqliyyat planının hazırlanması, alternativ nəqliyyat dəhlizlərinin inkişafı perspektivlərinin qiymətləndirilməsi üzrə Azərbaycan Texniki Universitetində seminarlar keçiriblər.

Logistika və Nəqliyyat İnstitutunun 3 əməkdaşı 2022-ci ilin noyabr ayında Daşkənd Dövlət Nəqliyyat Universitetində keçirilən PTV proqram istifadəçilərinin illik görüşündə iştirak ediblər. 2023-cü ilin iyun ayında Özbəkistanın Daşkənd şəhərində AzTU-nun təşəbbüsü ilə Azərbaycan Texniki Universiteti,  İstanbul Texniki Universiteti və Daşkənd Dövlət Nəqliyyat Universitetinin birgə təşkil etdiyi “21-ci əsrdə İpək Yolu: nəqliyyat və logistikanın müasir texnologiyaları” adlı vorkşop-da Logistika və Nəqliyyat İnstitutu “İri şəhərlərin mobillik problemləri və onların həllində təklif olunan üsullar” adlı təqdimatla çıxış edib. Həmin tədbirin gedişində üç universitetin mütəxəssislərindən ibarət üçtərəfli Logistika və Nəqliyyat Elmi-Tədqiqat Mərkəzinin yaradılması haqqında ilkin razılıq əldə edilib.

2022-ci ildə institutun əməkdaşı Ülvi Cavadlı Qazi Universitetinin KUTEM (Kent İçi Ulaşım Teknolojileri Erişebilirlik Uygulama ve Araştırma Merkezi) mərkəzində 2 aylıq kurs keçib. Logistika və Nəqliyyat İnstitutunun əməkdaşı KUTEM mərkəzinin Ankara şəhərinin nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə əlaqədar yerinə  yetirdiyi layihə, o cümlədən onun mərhələləri və yerinə yetirilmə ardıcıllığı, çap materialları ilə yaxından tanış olub, mobillik planının hazırlanmasında tətbiq olunan PTV VİSSİM və VİSUM proqramlarının əsas xüsusiyyətləri haqqında tam informasiya əldə edib.

2022-2023-cü illərdə Rusiyada fəaliyyət göstərən və Almaniyanın PTV Group şirkətinin MDB ölkələrində əsas distribyutoru olan Transproyekt MMC şirkəti ilə əməkdaşlıq genişləndirilib və 2023-cü ilin sonunda həmin şirkətlə birlikdə Azərbaycan Texniki Universitetində müxtəlif ölkələrin nümayəndələrinin iştirakı ilə geniş konfransın keçirilməsi nəzərdə tutulur.

2022-ci ildə  CRENG (Erasmus K2+) (Crisis and risk engineering for transport services) magistr proqramının icrası çərçivəsində Kiyev Dövlət İnfrastruktur və Texnologiya  Universiteti, Varşava Texnologiya Universiteti, Berlin Texniki Universiteti ilə tədris sahəsində irəli metodologiyaların tətbiqi sahəsində bilik mübadiləsi aparılıb.

Logistika və Nəqliyyat İnstitutu eyini zamanda Gürcüstan Texniki Universitetinin, Konya Karatay Universitetinin, Priazovsk Texniki Universitetinin, Moskva Avtomobil Yolları Universitetinin müvafiq strukturları ilə sıx əməkdaşlıq edir.