Logistika və Nəqliyyat İnstitutu
Logistika və Nəqliyyat İnstitutu 2021-ci ilin sentyabr ayından fəaliyyət göstərir.
İnstitutun tərkibinə Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair “2019–2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində yaradılmış “Yol hərəkətinin təşkili və təhlükəsizliyi Elmi-Tədqiqat Mərkəzi”, ERASMUS proqramı çərçivəsində yaradılmış CRENG Service Office və “Layihə əsaslı təhsilin təmin edilməsi" üçün yaradılmış mərkəz fəaliyyət göstərir.
Logistika və Nəqliyyat İnstitutunun əsas fəaliyyət istiqaməti logistika və nəqliyyat sahəsində elmi tədqiqatların aparılması, logistika və nəqliyyat sahəsində həyata keçirilən beynəlxalq və yerli layihələrdə iştirak etmək, doktorant, dissertant və magistrantların elmi araşdırmalarını dəstəkləmək, dissertasiya işlərini istehsalatın real problemlərinin həllinə yönəltmək, layihə əsaslı tədrisin təşkilini təmin etmək, sahə üzrə elmi nailiyyətləri və innovativ texnologiyaları təqib etməklə yüksək səviyyəli elmi kadrların hazırlığına kömək etməkdir.
Hazırda Logistika və Nəqliyyat İnstitutuna dosent, PhD Fuad Daşdəmirov rəhbərlik edir. İnstitutda bir böyük elmi işçi, iki kiçik elmi işçi çalışır. “Yol hərəkətinin təşkili və təhlükəsizliyi Elmi-Tədqiqat Mərkəzinə Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının dosenti, t.e.n. Əlləz Əliyev rəhbərlik edir.
Təchizat:
- İnstitutda “Anylogic” simulyasiya proqramının akademik versiyasının magistrlərə öyrədilməsi və tədqiqatlarda istifadə edilməsi üçün CRENG laboratoriya yaradılıb.
- Şəhərdaxili mobillik (hərəkətlilik) planının hazırlanmasında, eyni zamanda tədris prosesində istifadə olunmaq üçün PTV proqram paketinin akademik versiyasının alınması prosesi yekunlaşmaq üzrədir.
Layihələr:
- 2021/2022 tədris ili müddətində Logistika və Nəqliyyat İnstitutu “Azərbaycanda taksi xidmətinin rəqəmsal platformada təşkili üzrə konsepsiyanın hazırlanması” layihəsini yerinə yetirilib. Layihənin icrasına Nəqliyyat və Logistika fakultəsinin müəllim və tələbələri cəlb edilib.
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 22 yanvar tarixli 25 nömrəli Qərarına uyğun olaraq Şirvan, Mingəçevir, Yevlax, Lənkəran, Şəki, Naftalan, Şəmkir, Quba, Tovuz, Qusar, Biləsuvar, Masallı, Xaçmaz, Göygöl, Göyçay, Ağcabədi şəhərləri üzrə şəhərdaxili hərəkət (mobillik) planının hazırlanmasına dəstək məqsədi ilə adı çəkilən şəhərlərin müvafiq strukturları ilə birgə iş aparılır. Mobillik planının hazırlanmasının effektivliyini artırmaq məqsədi ilə mart ayında müvafiq şəhələrin layihəyə məsul şəxsləri üçün üçün onlayn seminar təşkil edilib. Logistika və Nəqliyyat İnstitutu bu şəhərlər üçün mobillik (hərəkətlilik) planının hazırlanması prosesində həmin şəhərlərin icra strukturları ilə əməkdaşlığını davam etdirir. 2022-ci ilin sentyabr ayından etibarən şəhərlərdə əhalinin hərəkəliliklə əlaqədar tələbatının öyrənilməsi üçün sorğuların keçirilməsi nəzərdə tutulur.
- Logistika və Nəqliyyat İnstitutu tərəfindən İçərişəhər ərazisində mobilliyin təmin edilməsi məqsədi ilə layihənin icrasına başlanılıb.
- 2021/2022 tədris ili müddətində Logistika və Nəqliyyat İnstitutunun əməkdaşları tərəfindən Unicer MMC şirkətinin sifarişi əsasında beynəlxalq daşımalarda fəaliyyət göstərən yük avtomobillərinin sürücülərinin peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə təlimlərdə istifadə olunmaq üçün dərs vəsaiti hazırlanıb.
Əməkdaşlıq:
Logistika və Nəqliyyat İnstitutu Daşkənd Dövlət Nəqliyyat Universiteti, Ankara Qazi Universiteti, Kiyev Dövlət İnfrastruktur və Texnologiya Universiteti, Varşava Texnologiya Universiteti, Berlin Texniki Universiteti, Gürcüstan Texniki Universitetinin müvafiq strukturları ilə sıx əməkdaşlıq edir.