Fuad Daşdəmirov 1989-cu ildə orta məktəbi “qızıl” medalla bitirib. 1989-cu ildə Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olub və 1994-cü ildə universiteti bitirərək nəqliyyatda daşımaların təşkili və idarə edilməsi (avtomobil nəqliyyatında) üzrə mühəndis ixtisasına yiyələnib. 1994-1996-cı illərdə Qobustan Maddi-Texniki Təchizat və Mexanikləşdirilmiş İstehsalat Birliyində əvvəlcə mühəndis-texnoloq, sonra isə əmtəəşünas vəzifələrində işləyib.
1996-cı ildən 2020-ci ilə qədər Azərbaycan Texniki Universitetində Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasında laboratoriya müdiri, assistent, baş müəllim və dosent vəzifələrində çalışıb. 2009-cu ildə “Şəhər marşrutlarında avtobusların hərəkət parametrlərinin kompleks tədqiqi” adlı dissertasiya işini müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2014-cü ildən “Avtomobil daşımaları və yol hərəkətinin təşkili” (indiki Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi) kafedrasının dosentidir.
2020-ci ildən AzTU-da CRENG (Erasmus K2+) (Crisis and risk engineering for transport services) layihəsi çərçivəsində yaradılmış CRENG ofisin rəhbəridir.
2021-ci ildə AzTU-da yaradılan Logistika və Nəqliyyat İnstitutuna direktor təyin olunub.
Fuad Daşdəmirov 100-dən çox elmi əsərin, o cümlədən xaricdə dərc olunmuş 20-dən çox məqalənin müəllifidir. Müəllifi olduğu dərs vəsaitləri:
-Avtomobillərin məhsuldarılığının və daşımaların maya dəyərinin texniki istismar göstəricilərinə təsiri (2012);
-Daşımaların sığortası (2014);
-Şəhər və şəhərətrafı sərnişin daşımaları (2019).
2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilib.