Maşınqayırma və robototexnika Maşın dizaynı və sənaye texnologiyaları

Beynəlxalq




Azərbaycan Texniki Universitetinin Maşın dizaynı və sənaye texnologiyaları kafedrasının elmi-texniki əlaqələri təkcə respublikanın universitet, institut, istehsalat birliklərini və maşnqayırma zavodlarını deyil, həmçinin dünyanın bir çox ölkələrinin nüfuzlu universitetlərini əhatə edir. Kafedranın Türkiyənin Orta Doğu, Qazi, Süleyman Dəmirəl, İzmir universitetləri ilə, Qazaxstanun Atau Universiteti, Almaniyanın Ştutqart, Karlsruhe və Münxen (TU) universitetləri ilə geniş elmi əlaqələri mövcuddur.

Kafedra əməkdaşlarının elmi məqalələri dünyanın nüfuzlu elmi jurnallarında, Türkiyədə, Almaniyada, ABŞ-da, Böyük Britaniyada, Rusiyada, Ukraynada, və digər ölkələrdə nəşr edilir. Mütəmadi olaraq kafedra əməkdaşları Avropa və Asiya ölkələrində keçirilən beynəlxalq konfranslarda və simpoziumlarda məruzə ilə çıxış edirlər.

Almaniyanın Akademik Mübadilə Xidmətinin (DAAD) xətti ilə indiyədək kafedranın 6 əməkdaşı dəfələrlə Almaniyanın nüfuzlu universitetlərində uzunmüddətli elmi ezamiyyətlərdə olublar.

Kafedranın məsləhətçi professoru, t.e.d. Ayaz Abdullayev dəfələrlə N.Bauman adına Moskva Ali Texniki məktəbində, Kiyev Politexnik İnstitutunda, Odessa Politexnik İnstitutunda kafedra müdirlərinin xüsusi seminarlarında iştirak edib, Varşava (Polşa), Uxan (Çin), Karlsruhe (Almaniya) Texniki Universitetlərində elmi ezamiyyətlərdə olub və beynəlxalq konfranslarda iştirak edib.

Professor, t.e.d. Rasim Əlizadə Maşın və Mexanizmlər Nəzəriyyəsi Beynəlxalq Federasiyasının (İFToMM) “Lingli mexanizmlər və mexaniki kontrol” Texniki komitəsinin üzvü və Azərbaycan Komitəsinin sədridir. O, Beynəlxalq “Tətbiqi Mexanika” jurnalının (İFToMM) redaksiya heyətinin üzvü, eləcə də Beynəlxalq Maşın və Mexanizmlər elmləri Simpoziumunun rəhbəridir. İREX fondu üzrə o, elmi tədqiqatlarını Renseller Politexnik İnstitutunda Maşınşünaslıq kafedrasında davam etdirib və bundan sonra elmi tədqiqatlarını Kolumbiya Universitetində davam etdirib.(ABŞ, 1973-1974). FULBRİGHT fondunun dəvəti ilə Florida Universitetinin Maşınşünaslıq kafedrasına (Qeinsvilli, ABŞ, 1981), Pekin Aeronavtika və Astronavtika Universitetlərinə (ÇXR, 1989-1990) Maşınşünaslıq kafedrasına dəvət alıb. 2002-ci ildən 2013-cü ilə qədər prof. R.İ. Əlizadə İzmir Texnoloji İnstitutunun Maşınşünaslıq kafedrasında çalışıb.

Kafedranın professoru, t.e.d. İsa Xəlilov Moskvada Bauman adına Ali Texniki Məktəbdə, Almaniya Federativ Respublikasının Akademik Mübadilələr Xidmətinin (DAAD) dəvəti ilə 1992-1993-cü illərdə Boxum şəhərinin Ruhr Universitetində, 1997-1998, 2003, 2006 və 2009-cu illərdə isə Karlsruhe Universitetində elmi və pedaqoji ixtisasartırma kursları keçib. 1996-1997-ci illərdə AFR “İqtisadiyyat, əməkdaşlıq və inkişaf” Nazirliyinin dəstəyi ilə Carl Duisberg Cəmiyyətinin “Gənc rəhbər işçilər üçün trening proqramı”nı Daimler Benz AG-də geniş təcrübə keçməklə ən yüksək balla başa vuraraq, I dərəcəli diploma layiq görülüb.

Kafedranın dosenti, t.e.n. İftixar Çələbi DAAD və Aleksandr Humboldt fondunun təşkilatçılığı ilə dəfələrlə Almaniyanın müxtəlif universitetlərində elmi ezamiyyətlərdə olub. O, 1995-96-cı illərdə Magdeburg Universitetinin Maşınların Konstruksiyaedilməsi İnstitutunda, 2001-ci ildə Rostok Universitetinin Konstruksiyaetmə texnikası kafedrasında. 2004 və 2006-2008 illərdə Ştutgart Universitetinin Maşın elementləri İnstitutunda, 2011-12-ci illərdə Xemnitz (Chemnitz) Universitetinin Konstruksiyaetmənin əsasları kafedrasında, 2013-cü və 2015-ci illərdə Braunşvayq Universitetinin Hərəkətin təhlükəsizliyi və avtomatlaşdırma texnikası İnstitutunda, 2019-cu ildə Münxen Texniki Universitetində elmi tədqiqat işləri aparıb.