Maşınqayırma və robototexnika Maşın dizaynı və sənaye texnologiyaları

Kafedra müdiri




Maşın dizaynı və sənaye texnologiyaları
kafedrasının müdiri

professor, t.e.d Xəlilov İsa Əli oğlu

Tel: (+994 12) 539 12 25

E-poçt: khalilov@aztu.edu.az

Xəlilov İsa Əli oğlu 1961-ci il may ayının 2-də Gürcüstan Respublikası Bolnisi rayonunun Faxralı kəndində ziyalı ailəsində anadan olub. 1968-1978-ci illərdə Faxralı kəndində orta təhsili bitirərək Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) Mexanika fakültəsinə daxil olub. Tələbəlik illərində institutun ictimai işində aktiv iştirak etməklə, Lenin təqaüdçüsü olub. 1983-cü ildə institutu fərqlənmə diplomu ilə bitirib, 1983-1984-cü illərdə Bakı məişət kondisionerləri zavodunda mühəndis-texnoloq vəzifəsində çalışıb.

1984-cü ildə Azərbaycan Texniki Universitetinin (AzTU) Maşın detalları və yükqaldıran-nəqliyyat maşınları kafedrasına maşınşünaslıq ixtisası üzrə aspiranturaya daxil olub.

1990-cı ildə "Dişli muftaların sistemli ehtimal hesabı alqoritminin yaradılması" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

2013-cü ildə “Maşın intiqallarının sistemli analizi ilə muftaların seçilməsinin nəzəri əsaslarının işlənməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika üzrə elmlər doktoru adı alıb.

1988-ci ildə Moskvada Bauman adına Ali Texniki Məktəbdə, 1992-1993-cü illərdə Almaniya Federativ Respublikasının Akademik Mübadilələr İdarəsinin (DAAD) dəvəti ilə Boxum şəhərinin Ruhr Universitetində, 1997-1998, 2003, 2006 və 2009-cu illərdə isə Karlsruhe Universitetində elmi və pedaqoji ixtisasartırma kursları keçib.

1996-1997-ci illərdə Carl Duisberg Cəmiyyətinin proqramı çərçivəsində sosial bazar iqtisadiyyatı şəraitində müəssisələrin yaradılması, idarə edilməsi kurslarını ən yüksək balla başa vuraraq, 1-ci dərəcəli diploma layiq görülüb. Bu proqram çərçivəsində dünyada ən böyük avtomobil zavodlarından biri olan Wört şəhərindəki Mercedes-Benz zavodunda avtomobillərin istehsalının texniki və iqtisadi təşkili, avtomatlaşdırılmış istehsal şəraitində müəssisələri idarə etmə təcrübəsi keçib.

1987-1991-ci illərdə Azərbaycan Texniki Universitetinin Maşın detalları və yükqaldıran-nəqliyyat maşınları kafedrasında assistent, 1991-2013-cü illərdə isə həmin kafedrada dosent vəzifəsində işləyib.

2013-2015-ci illərdə Maşın və mexanizmlər nəzəriyyəsi kafedrasının müdiri vəzifəsini icra edib. 2015-2021-ci illərdə həmin kafedranın professoru olub. Bununla yanaşı, 1990-1992-ci illərdə universitetin Robot texnikası fakültəsində tədris işləri üzrə, 1993-1998-ci illərdə isə elmi işlər üzrə dekan müavini vəzifəsində çalışıb.

2005-2008-ci illərdə rektorun müşaviri vəzifəsində işləyib.

2008-2021-ci illərdə Azərbaycan Texniki Universitetində Tərbiyə işləri üzrə prorektor vəzifəsində çalışıb.

2021-ci ildə Mexatronika və maşın dizaynı kafedrasının müdiri vəsifəsini icra edib.

2023-cü ilin sentyabrından Maşın dizaynı və sənaye texnologiyaları kafedrasının müdiridir. 

Universitetin elmi, tədris və ictimai işlərində fəal iştirak edir. Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən ED 2.32 Dissertasiya Şurasının üzvü, seminarının sədridir.

2011 və 2015-ci illərdə Azərbaycan Respublikası Təhsil nazirinin Fəxri fərmanı ilə təltif edilib.

2020-ci ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Əməkdar müəllim fəxri adına layiq görülüb.

100-dən çox elmi-texniki və metodik əsərin, o cümlədən, 1 monoqrafiya, 3 dərslik, 4 dərs vəsaiti, 20 elmi-metodik məcmuə və 2 texniki lüğət kitabının müəllifidir.

Rus və alman dillərində sərbəst danışır.

Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.

Ailəlidir, bir oğlu, bir qızı var.