Mexatronika və robototexnika mühəndisliyi (tədris planı) (təhsil proqramı)
Mexatronika və robototexnika mühəndisliyi ixtisası sənayenin müxtəlif sahələrində proseslərin avtomatlaşdırılması, idarə olunması və optimallaşdırılmasını əhatə edən mühəndislik sahəsidir. Bu ixtisas üzrə təhsil alan tələbələr maşınqayırma, avtomobil sənayesi, aviasiya, müdafiə sənayesi, kənd təsərrüfatı, tibb və digər strateji sektorlar üçün innovativ həllərin hazırlanması və tətbiqini öyrənirlər. Onlar mexaniki, pnevmatik və hidravlik sistemlərin avtomatlaşdırılmış layihələndirilməsi, mexaniki sistemlərin dinamikası və simuliyasiyası, robotların proqramlaşdırılması, süni intellekt və maşın öyrənməsi metodlarının tətbiqi, həmçinin Arduino, Raspberry Pi və digər mikrokontrollerlər vasitəsilə avtomatik idarəetmə sistemlərinin qurulması sahəsində bilik və bacarıqlara yiyələnirlər. Bundan əlavə, tələbələr qabaqcıl robot istehsalçılarının proqram təminatları ilə işləməyi, həmçinin sənaye 4.0 standartlarına uyğun rəqəmsal istehsal proseslərinin tətbiqini öyrənirlər. Mexatronika və robototexnika mühəndisinin əsas vəzifə öhdəlikləri robotların, manipulyatorların və mexatron sistemlərin tətbiqi hesabına proseslərin və sistemlərinməhsuldarlığını, etibarlılığını, dəqiqliyini, təhlükəsizliyini və s. artırmaqdan ibarətdir. Müasir əmək bazarının tələblərinə uyğun mühəndislik həllərini həyata keçirmək üçün tələbələrə rəqəmsal bacarıqlar və proqramlaşdırma, süni intellekt və maşın öyrənməsi, maşın və mexanizmlər nəzəriyyəsi, 3D modelləşdirmə, İoT (Əşyaların İnterneti), müxtəlif sensorlar, vericilər və aktuatorlarla işləmək, robototexniki sistemlərdə tətbiq edilən mexaniki, hidravlik və pnevmatik sistemlər, elcə də dayanıqlı inkişafın hədəflərinə xidmət edən sənaye, innovasiya və infrastruktur, yaşıl texnologiyalar kimi istiqamətləri əhatə edən fənlər tədris olunur.
Proseslərin avtomatlaşdırılması mühəndisliyi (tədris planı)(təhsil proqramı)
Proseslərin avtomatlaşdırılması mühəndisliyi sənayenin müxtəlif sahələrində sistemlərin və proseslərin avtomatlaşdırılması, idarə olunması və tənzimlənməsini əhatə edən aparıcı mühəndislik sahəsidir. Bu ixtisas üzrə təhsil alan tələbələr neft-qaz, energetika, dağ-mədən, qida, maşınqayırma, metallurgiya, nəqliyyat, rabitə, eləcə də hərbi və mülki təyinatlı sahələrdə tətbiq olunan ölçmə texnikaları, analoq və rəqəmsal elektronika, mikroprosessorlar və proqramlaşdırılan inteqral mikrosxemlər, Siemens, Schneider Electric və s. kimi nüfuzlu şirkətlərin istehsalı olan məntiqi kontrollerlərin (PLC) proqramlaşdırılması, SCADA sistemləri, SCL, HI-Graph dillərinin strukturu və operatorları ilə işləmək bacarıqlarına yiyələnir. Proseslərin avtomatlaşdırılması mühəndisinin əsas vəzifə öhdəlikləri müxtəlif təyinatlı sistem və proseslərin səmərəliliyini artırmaq, sistem və proseslərin avtomatlaşdırılması hesabına insan əməyini azaltmaq, dəqiqliyini və etibarlılığını yüksəltməkdən ibarətdir. Müasir əmək bazarının tələblərinə uyğun mühəndislik həllərini həyata keçirmək üçün tələbələrə rəqəmsal bacarıqlar və proqramlaşdırma, süni intellekt və maşın öyrənməsi, 3D modelləşdirmə, İoT (Əşyaların İnterneti), müxtəlif sensorlar, vericilər və aktuatorlarla işləmək, elcə də dayanıqlı inkişafın hədəflərinə xidmət edən sənaye, innovasiya və infrastruktur, yaşıl texnologiyalar kimi istiqamətləri əhatə edən fənlər tədris olunur.
Qida mühəndisliyi (tədris planı) (təhsil proqramı)
Qida mühəndisliyi ixtisası üzrə təhsil qida istehsalı, emalı, saxlanılması və təhlükəsizliyi sahələrini əhatə edir. Bu ixtisas üzrə təhsil alan tələbələr müasir qida texnologiyalarına dair nəzəri və praktiki istiqamətləri, qida məhsullarının istehsalında istifadə olunan müasir texnoloji avadanlıqları, qida qatqılarını, təhlükəsiz məhsul istehsalını, biokimyanın əsaslarını, qida istehsalı sahəsində mövcud olan beynəlxalq qanunvericiliyi, qida məhsullarına və müəssələrinə qoyulan yerli və beynəlxalq standartları, qida istehsalında mövcud risklər və təhlükələrin qarşısının alınmasını, eləcədə onların minimuma endirilməsi və idarə olunmasını öyrənir. Müasir qida sənayesində aparıcı rol oynayan qida mühəndisləri məhsulların keyfiyyətini artırmaq, istehsal proseslərini optimallaşdırmaq və müştəri tələblərinə uyğun, sağlam və təhlükəsiz məhsullar yaratmaq kimi öhədlikləri daşıyır. İxtisas üzrə təhsil alan tələbələr qida məhsullarının biokimyası, təhlükəsizliyi, soyudulma texnologiyası, qida mikrobiologiyası, qida sənayesində texnoloji əməliyyatlar, qida məhsullarının keyfiyyətinə texniki-kimyəvi nəzarət, eləcə də keyfiyyəti idarəetmə sistemləri və s. istiqamətlər üzrə nəzəri və praktiki biliklər əldə edirlər. Müasir əmək bazarının tələblərinə uyğun qida sektorunda mühəndislik həllərini həyata keçirmək üçün tələbələrə rəqəmsal bacarıqlar və proqramlaşdırma, süni intellekt və maşın öyrənməsi, 3D modelləşdirmə və additiv istehsal, İoT (Əşyaların İnterneti) və sənaye 4.0, dayanıqlı inkişaf və yaşıl texnologiyalar kimi istiqamətləri əhatə edən fənlər tədris olunur.
Sənaye mühəndisliyi (tədris planı) (təhsil proqramı)
Sənaye mühəndisliyi maksimum səmərəliliyə və keyfiyyətə nail olmaq üçün müxtəlif təyinatlı sənaye müəssisələrinin planlaşdırılmasını və idarəolunmasını təmin edən mühəndislik sahəsidir. Sənaye mühəndisi ixtisası üzrə təhsil alan tələbələr sənaye sahələrinin təyinatı üzrə tərkibi və konstruktiv quruluşu, texnoloji təminatı və istehsalın planlaşdırılması sahələrini əhatə edən bilikləri öyrənir.Bu ixtisasa yiyələnmiş mühəndislər layihələndirmə, texnologiya, maliyyə, idarəetmə və proseslər sahəsində geniş bacarıqları əldə edirlər. Müasir əmək bazarının tələblərinə uyğun mühəndislik həllərini həyata keçirmək üçün tələbələrə rəqəmsal bacarıqlar və proqramlaşdırma, süni intellekt və maşın öyrənməsi, 3D modelləşdirmə və additiv istehsal, İoT (Əşyaların İnterneti) və sənaye 4.0, dayanıqlı inkişaf və yaşıl texnologiyalar kimi istiqamətləri əhatə edən fənlər tədris olunur.