28 May – Müstəqillik Günü ərəfəsində gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici dillər kafedrasının rus dili müəllimləri tərəfindən 5 və 7 may 2025-ci il tarixlərində şəhər ekskursiyaları formatında interaktiv dərslər təşkil edilib. Dərslər Milli Azərbaycan Tarixi Muzeyində və görkəmli ictimai xadim, xeyriyyəçi Zeynalabdin Tağıyevin ev muzeyində keçirilib.
Tədris proqramına uyğun olaraq, birinci kurs tələbələri üçün “Şəhər gəzintisi” mövzusunda dərs təşkil olunub. Tələbələr Bakı şəhərinin mərkəzində və İçərişəhər ərazisində yerləşən tarixi və memarlıq abidələri barədə təqdimatlar hazırlayıb, bu məlumatları birbaşa ekskursiya zamanı təqdim edərək həm dil bacarıqlarını, həm də vətənşünaslıq biliklərini nümayiş etdiriblər.
İkinci kurs tələbələri isə “Azərbaycanda sahibkarlığın tarixi. Məşhur xeyriyyəçi Z. Tağıyevin həyatı və fəaliyyəti” mövzusunda dərs materialı ilə tanış olublar.
Dərs Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi X.Türksoy tərəfindən aparılan geniş və əhatəli ekskursiya formatında keçirilib. Ekskursiya zamanı tələbələr qədim dövrlərdən müasir dövrədək Azərbaycan tarixinin əsas mərhələləri, o cümlədən 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış şanlı Qələbə barədə ətraflı məlumat əldə ediblər.
Z.Tağıyevin ev muzeyində keçirilən növbəti interaktiv dərsdə isə tələbələr ekskursiya rəhbəri ilə söhbətlər aparıb, təqdim olunan tarixi eksponatlar və arxiv fotoşəkilləri vasitəsilə xeyriyyəçinin həyat yolu və ictimai-siyasi fəaliyyəti ilə yaxından tanış olublar.
Xarici dillər kafedrasının müəllim kollektivi, kafedra müdiri professor Səbinə Alməmmədovanın rəhbərliyi ilə gələcəkdə də bu formatda dərslərin davam etdirilməsini, tələbələrin həm Vətənə bağlılıq, həm də praktiki dil biliklərinin inkişafına yönəlmiş maarifləndirici ekskursiyaların keçirilməsini planlaşdırır.