Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici dillər kafedrasının təşəbbüsü və dəstəyilə “Biznes necə idarə olunur?” adlı vebinar keçirilib. Vebinarın əsas məqsədi yaradıcı və interaktiv təqdimatla tələbələrin həm dil bacarıqlarını, həm də biznes sahəsindəki biliklərini yoxlamaq olub.
Vebinarda İqtisadiyyat və İdaəetmə fakultəsinin İİ(24) - İ2 və İİ(24) - İ3 qrupları ingilis dilində 4 (struktur, mədəniyyət, kommunikasiya və uğur) hissədən ibarət təqdimatla çıxış ediblər.
Təqdimatın struktur hissəsində hər bir tələbə şirkət daxilində bir şöbə haqqında məlumat verərək müvafiq şöbənin əsas vəzifələrini və funksiyalarını izah edib.
Təqdimatın mədəniyyət hissəsində beynəlxalq biznesdə mədəni fərqliliklərə həssas yanaşmanın əhəmiyyəti müzakirə olunub. Tələbələr mədəni anlaşılmazlıqların problemlərə səbəb ola biləcəyi bir iş görüşməsi səhnəsini canlandırıblar. Daha sonra beş fərqli ölkəni təmsil edən iş adamları öz ölkələrinin biznes mədəniyyəti haqqında qısa çıxış ediblər.
Kommunikasiya hissəsində işgüzar ünsiyyətdə, xüsusilə e-poçt yazışmalarında uyğun yazı tonunun seçilməsinin vacibliyi vurğulanıb. Səhnələşdirilmiş epizodda bir əməkdaş həmkarından yazdığı e-məktubu yoxlamasını xahiş eedib və birlikdə məktubu təkmilləşdiriblər. Daha sonra biznes e-mail yazışmalarının “qızıl qaydalar” müzakirə olunub.
Təqdimatın uğur adlı son hissəsində isə biznesdə uğura aparan əsas keyfiyyətlər vurğulanıb.
Sonda Xarici dillər kafedrasının müdiri professor Səbinə Alməmmədova tərəfindən sertifikat təqdim olunub.