Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici dillər kafedrası beynəlxalq əməkdaşlığın və tələbələrarası mədəniyyətlərarası dialoqun gücləndirilməsi məqsədilə yeni təşəbbüsə imza atıb. Kafedra müdiri professor Səbinə Alməmmədovanın rəhbərliyi, ingilis dili müəllimi Kubra Salmanovanın təşkilatçılığı və universitetin fəal tələbələrinin iştirakı ilə Ukraynanın T. Şevçenko adına Milli Çernihiv Kolleqium Universitetinin (Chernihiv, Ukrayna) tələbələri ilə onlayn görüş keçirilib.
Tədbirin əsas məqsədi mədəniyyətlərarası mübadilə, beynəlxalq şəbəkələşmənin genişləndirilməsi, publika qarşısında çıxış və ingilis dilində danışıq bacarıqlarının inkişaf etdirilməsi olub. Virtual görüş zamanı AzTU tələbələri slaydlarla Azərbaycanın zəngin mədəni irsi barədə məlumat veriblər. Təqdimatda milli musiqimiz (dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığı, tar, kamança, balaban kimi musiqi alətləri), tarixi abidələrimiz (Qobustan qayaüstü rəsmləri, Qız qalası, Şəki Xan Sarayı və s.), milli mətbəximiz (dolma, plov, lavaş və digər yeməklər) və Qarabağ atları kimi mövzulara toxunulub.
Ukraynalı tələbələr isə öz növbəsində Ukraynanın tarixi abidələri, milli bayramları, geyimləri və mədəni ənənələri haqqında təqdimatlarla çıxış ediblər.
Görüş interaktiv mühitdə, sual-cavab formatında keçib və hər iki tərəf üçün zəngin mədəni biliklərin paylaşılmasına şərait yaradıb.