Nəqliyyat və logistika

Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrası

Avtomobil nəqliyyatının istismarı və hərəkətin təhlükəsizliyi kafedrası 1978-ci ildə Avtomobillər kafedrasının bazasında yaradılıb. Sonradan kafedra Avtomobil daşımaları və yol hərəkətinin təşkili, 2019-cu ildən isə Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi adlandırılıb.

Kafedrada Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi və Nəqliyyatda daşımaların və idarəetmənini təşkili mühəndisliyi, Logistika və nəqliyyat texnologiyaları və Nəqliyyatda servis ixtisasları üzrə bakalavr hazırlanır. Magistr səviyyəsində Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi ixtisası üzrə Yol hərəkətinin təşkili və təhlükəsizliyi, Yol-nəqliyyat hadisələrinin avtotexniki ekspertizası, Yol-hərəkət kompleksinin sertifikatlaşdırılması və lisenziyalaşdırılması, Nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi və Nəqliyyatda daşımaların və idarəetmənini təşkili mühəndisliyi ixtisası üzrə Nəqliyyatda daşımalar və menecment, Nəqliyyat logistikası və Şəhər nəqliyyat şəbəkəsi və nəqliyyat xidmətinin təşkili ixtisaslaşmaları üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlanır.

Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrası Azərbaycan Respublikasında Nəqliyyat logistikası, Nəqliyyatda servis, Avtomobil nəqliyyatında daşımaların və idarəetmənin təşkili və Yol hərəkətinin təşkili ixtisasları üzrə baza müəssisəsi hesab olunur.

Tədris işi:

Tədris prosesi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunan Dövlət standartının tədris planı əsasında həyata keçirilir. Kafedranın ixtisaslarının əksər fənləri üzrə dərslikləri, dərs vəsaitləri, laboratoriya, kurs işləri və kurs layihələrinin yerinə yetirilməsi üçün metodik göstərişləri vardır. Kafedra ixtisaslaşdırılmış auditoriyalara malikdir.

Elmi tədqiqatların əsas istiqamətləri:

Elmi tədqiqatlar Nəqliyyat sistemlərinin təkmilləşdirilməsi, təhlükəsizliyi, istismarı və logistika təminatı istiqamətində, Logistika, avtomobil nəqliyyatının işinin səmərəliliyinin, hərəkət intensivliyinin, sürücü-avtomobil, yol-mühit kompleksinin optimallaşdırılması probleminin həll edilməsi üzrə aparılır. Alınmış nəticələrin Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyində, Baş Dövlət Yol Polisi İdarəsində, Abşeron logistika Mərkəzində, 166 Qlobal logistika şirkətində, Bakı Nəqliyyat Agentliyində, Dövlət Avtomobil Nəqliyyatı Xidmətində və bir sıra digər Dövlət və özəl müəssisələrində tətbiq edilməsi nəzərdə tutulur.

Beynəlxalq əlaqələr:

Kafedra Erasmus+2, CRENG beynəlxalq layihəsində (Nəqliyyat xidmətlərində böhran vəziyyətlərin və risklərin mühəndisliyi magistr hazırlığı proqramı üzrə) və Təhsil Nazirliyinin elan etdiyi və universitetimizin qalib olduğu “Təchizat zəncirinin logistikası və nəqliyyat” adlı magistr proqramının hazırlanması layihəsində iştirak edir.

Bundan başqa kafedra MDB ölkələrində milli nəqliyyat sistemlərinin inkişafı və işçi heyəti üçün MDB ölkələrinin təhsil müəssisələri və elmi nəqliyyat mərkəzləri arasında əməkdaşlıqdan ibarət olan MDB formatında vahid elmi və təhsil məkanının yaradılması işində aktiv iştirak edir.

Kafedra Moskva Avtomobil Yolları İnstitutu (TU), Volqoqrad Dövlət Texniki Universiteti, Krasnoyarsk Texniki Universiteti, Daşkənd Avtomobil Yolları İnstitutunun (TU) eyni adlı kafedraları ilə əməkdaşlıq edir.