Maşınqayırma və robototexnika Mexanika kafedrası

Kafedra müdiri




Kafedra müdiri.

Texnika elmləri doktoru, professor Baxşəli Valeh İsmixan oğlu

Tel: (994 012) 539 13 92

E-poçt: v.bakhshali@aztu.edu.az

 

Valeh İsmixan oğlu Baxşəli 04.02.1959-cu ildə Xankəndində anadan olub, 1975-ci ildə Ağdam rayonunun Xudu Məmmədov adına Mərzili kənd orta məktəbini, 1980-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) Mexanika fakültəsini bitirib. 1987-ci ildə "Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi" ixtisası üzrə dissertasiya müdafiə edərək texnika elmləri namizədi – PhD (elmi rəhbəri: mərhum prof. N.B. Qədirov) və 2007-ci ildə həmin ixtisas üzrə texnika elmləri doktoru elmi dərəcəsi alıb.O, NORD – elmi tədqiqat institutunda mühəndis-konstruktor (1980-1983), AzTU-nun "Nəzəri Mexanika" (indiki "Mexanika") kafedrasında aspirant (1983-1985), assistent (1986-1992), baş müəllim (1992-1994), dosent (1994-2011), 2011-ci ildən professor vəzifəsində çalışmış və 16.11.2016-cı il tarixindən həmin kafedranın müdiri vəzifəsinə təyin edilib. Həmçinin 2006-2013-cü illərdə Xəzər Universitetində və 2003-cü ildən 2017-ci ilədək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən ABŞ - ın Corciya Dövlət Universitetinin BBA və MBA Proqramlarında Texniki və Tətbiqi Mexanika, Maşın və mexanizmlər nəzəriyyəsi və Maşın hissələri fənnlərini ingilis dilində tədris edib.

O, Nəzəri və tətbiqi mexanika, Maşın dinamikası, Tribologiya və Təhsil sahələrində ölkə daxilində və xaricdə 200-dən çox elmi məqalə və konfrans məruzələri, monoqrafiyalar, dərslik və dərs vəsaitləri çap etdrib. Maşın və mexanizmlərin möhkəmliyi və etibarlığı sahəsində ciddi elmi nəticələrin, həmçinin Nəzəri mexanikadan paralel qüvvələr sisteminin mərkəzinin (cismin ağırlıq mərkəzinin) tapılmasına aid bir neçə teoremin və Tribologiya üzrə hipotezlərin müəllifidir.

Onun 3 monoqrafiyası xaricdə - nüfuzlu nəşriyyatlarda (LAP Lambert Academic Publishing (Almaniya), İnternational Springer Publisher) nəşr edilib.

Onun elmi işlərinə Rusiya, Gürcüstan, Türkiyə, Almaniya, İngiltərə, ABŞ, Çexiya, Rumıniya, Serbiya və s. ölkələrdə dissertasiya və məqalələrdə istinadlar olub.

O, Maşın və Mexanizmlər üzrə Beynəlxalq Federasiyanın “Problems of Mechanics” (Journal of IFToMM - International Federation for the Promotion of Mechanism and Machine Science) və American Journal of Mechanical and Industrial Engineering (ABŞ) beynəlxalq elmi jurnallarının redaksiya heyətinin, həmçinin AzTU-nun Elmi Əsərləri və “Texnika” (Bakı) jurnallarının redaksiya heyətinin üzvüdür.

Bir neçə xarici elmi jurnalların (Journal of Nanoengineering and Nanosystems, USA; Journal of Mechanical Engineering Science (impact factor: 0,730), UK və s.) rəyçisi (reviewer), beynəlxalq elmi konfransların təşkilat komitəsinin üzvü olub.

Akademik mübadilə çərçivəsində prof. İhsan Doğramacının dəvəti ilə Türkiyənin Bilkənt Universitetində (03.07.1995-11.09.1995), DAAD (Alman Akademik Mübadilə Xidməti) xətti ilə Prof. Dr. Richard Markertin dəvəti ilə Almaniyanın Darmştadt Texniki Universitetində (15.10.2006-15.12.2006) və Prof. Dr. Wolfgang Seemann-ın dəvəti ilə Karlsruhe Universitetində (01.10.2009-30.11.2009), həmçinin Avropa Birliyinin Proqramları çərçivəsində dəfələrlə Avropanın (Kembric U., Karlsruhe U., Ştutqart U. və s.) və ABŞ-ın (Nyu York, Texas, Hyuston, Miçiqan və s.) aparıcı universitetlərində elmi ezamiyyətlərdə olub.

Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun 2011-ci il üçün 1-ci qrant müsabiqəsinin fizika-riyaziyyat və texnika elmləri üzrə qalib layihənin (EİF-2011-1(3)) elmi rəhbəri olub və fond tərəfindən onun “Mexanikadan izahlı lüğət (terminlər, teoremlər, qanunlar Azərbaycan, rus, ingilis, alman dillərində)” adlı kitabı nəşr olub və yayılıb.

O, Avropa Birliyinin INTAS Proqramının (2006) qrant müsabiqəsində iştirak etmiş, Avropa Birliyinin 7-ci Cərcivə Proqramı (BS-ERA.NET Pilot Joint Call 2010/2011) hüdudlarında qalib gəlmiş Elmi Konsorsiumun (Almaniya, Türkiyə, Gürcüstan, Azərbaycan) rəhbəri (koordinatoru) olub.

https://www.aef.gov.az/upload/Files/beynelxalq_qrant/eif_era-net_neticeler.pdf

http://bs-era.uefiscdi.ro/main/index.php

http://bs-era.uefiscdi.ro/main/index.php?we=guest.news&wchk=fced864048194e0a446176c968c8db8b

“Qara Dəniz regionunda neft və qazın nəqli zamanı istifadə olunan maşın və mexanizmlərin etibarlılığı və möhkəmliyi” (RDMMOGT - Reliability and durability of machines and mechanisms used for oil and gas transportation in Black Sea Region) adlı Avropa Birliyinin Qafqaz ölkələri üzrə yeganə qalib layihənin (2012-2015) rəhbəri olub.

Avropa Birliyinin HORİZON2020 Tədqiqat və İnnovasiya Proqramının "Smart nəqliyyat" elmi istiqaməti üzrə milli koordinatoru (NCP-National Contact Point) olub.

O, 4 aprel 2017-ci il tarixində Kembric Universitetində (İngiltərə) keçirilən Avropa Birliyinin Horizon 2020 Proqramı üzrə prioritet istiqamərlərdən biri olan "Nanotexnologiyalar və mütərəqqi materiallar" (Nanotechnilogies and Advanced Materials) mövzusuna həsr olub beynəlxalq konfransda (HORİZON2020 Brokerage Event) iştirak etmiş və ölkəmizi layiqincə təmsil etmişdir. Onun Kembricə ezamiyyətinin maliyyə xərcləri BSHorizon2020 Proqramı (EİF bu proqramın koordinatorudur) tərəfindən ödənilmişdir. Konfrans haqqında geniş məlumatla aşağıdakı linkdə tanış olmaq olar.

ABŞ Dövlət Departamentinin dəvəti ilə INTERNATIONAL VISITOR LEADERSHIP PROGRAM (İVLP) proqramı çərçivəsində o, 29 aprel - 11 may 2017-ci il tarixində ABŞ-ın New York, Nyu Cersi, Miçiqan və Texas ştatlarının aparıcı universitetləri ilə tanışlıq proqramında iştirak edib.

O, 2010-2015-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nın Ekspert Şurasının üzvü olmuşdur. AzTU-nun Nəqliyyat fakültəsinin Elmi Şurasının və Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin idarə heyətinin üzvüdür.

Beynəlxalq elmi fəaliyyəti (Avropa Birliyinin elmi layihələri) nəzərə alınaraq o,Kembric Universitetiinin təsis etdiyi 2011-ci il üçün "Elmi nailiyyətlərə görə Beynəlxalq Eynşteyn Mükafatı"na (The International Einstein Award for Scientific Achievement) və "2011-ci il üçün 100 ən yaxşı mühəndis"(Top 100 Engineers 2011) diplomuna layiq görülmüşdür.

Onun qısa elmi-pedaqoji tərcümeyi-halı Beynəlxalq Kim-Kimdir Ensiklopediyasına (Who is Who in the World, New York, 2012, p.144) və Azərbaycan Milli Ensiklopediyasına (2011, 3-cü cild, səh.49) daxil edilib.

Yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında müəyyən xidmətləri vardır. AzTU-nun Mexanika kafedrasında fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə təhsil alan doktorantlara və magistrlərə elmi rəhbərlik edir. 2011-ci ildə Xəzər Universitetinin 20 illilk yubileyi münasibətilə yüksək ixtisaslı kadrların hazırlanması sahəsində uğurlu elmi-pedaqoji fəaliyyətinə görə fəxri fərmanla təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli sərəncamına əsasən Azərbaycan Texniki Universitetinin 70 illiyi münasibətilə Azərbaycanda mühəndis kadrlarının hazırlanması və texniki elmlərin inkişafında xidmətlərinə görə ona "Əməkdar mühəndis" fəxri adı verilib.

Hazırda AzTU-nun Mexanika kafedrasının müdiridir.

 

Evlidir, bir övladı var.