Energetika

Dekan




Energetika fakültəsinin dekanı
t.e.d., professor Quliyev Hüseynqulu Bayram oğlu
Tel: (012) 539 12 47; Mb:+994 50 268 74 36

E-poçt: huseyngulu@mail.ru

E-poçt: ete@aztu.edu.az

E-poçt: huseyngulu@aztu.edu.az

Quliyev Hüseynqulu Bayram oğlu 1963-cü ildə Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. 1985-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Energetika, avtomatika, mexanika fakültəsinin elektrik sistemləri və şəbəkələri ixtisası üzrə bitirib.

1985-88-ci illərdə Sumqayıt elektrik şəbəkəsində növbətçi mühəndis, rele mühafizəsi mühəndisi və dispetçer vəzifələrində işləyib. 1988-ci ildə indiki Sumqayıt Dövlət Universitetinin Elektrik sistemləri və şəbəkələri kafedrasında laborant, sonradan isə həmin kafedrada assistent, baş müəllim və dosent vəzifələrində çalışıb.

1990-1992-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun aspiranturasında təhsil alıb.

2004-cü ildə “Sənaye yük düyünlərində qeyri-sinusoidal rejimlərin analizi üsullarının işlənməsi” mövzusu üzrə dissertasiya müdafiə edib və texnika elmləri namizədi alimlik dərəcəsini, 2022-ci ildə isə “Elektroenergetika sistemlərində elektrik enerjisinin keyfiyyət göstəricilərinin intellektual texnologiyalar bazasında idarə olunmasının nəzəri-metodik əsaslarının işlənməsi” mövzusunda elmlər doktorluğu dissertasiya işini müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsini almışdır.

Onun əsas elmi istiqamətləri Soft Computing texnologiyalarının, xüsusilə qeyri-səlis məntiq nəzəriyyəsinin elektrik şəbəkələrində reaktiv gücün kompensasiyası, rasional güc paylanması, rejim parametrlərinin idarəolunması, yaşıl enerji texnologiyalarının enerjisistemə inteqrasiyası, enerjisistemin dayanıqlığı və s. kimi məsələlərin həllinə tətbiqi problemlərini əhatə edir. H.B.Quliyevin aldığı elmi nəticələr Azərbaycan enerjisistemində müvəffəqiyyətlə tətbiq edilir.

2009-cu ildə TEMPUS proqramı çərçivəsində “Azərbaycan Ali Məktəblərində müasir mühəndis təhsili” layihəsi üzrə Köln Ali məktəbində ezamiyyətdə olub.

2010-2013-cü illərdə “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu” MMC-nin Tədris və İnnovasiya məsələləri üzrə direktor müavini işləyib. Eyni zamanda, “Enerjisistemin optimal idarəedilməsi” elmi-tədqiqat laboratoriyasına rəhbərlik edib. Bundan sonra əvvəl aparıcı elmi işçi, elmi istiqamət rəhbəri olub.

2015-ci ildən 2020-ci ilədək “Enerjisistemin rejimləri” şöbəsinin rəisi vəzifəsində çalışıb.

2010-cu ildən AzTU-nun Avtomatika və idarəetmə kafedrasında işləmiş, hazırda isə əlavə iş yeri kimi Maşın dizaynı, mexatronika və sənaye texnologiyaları kafedrasında çalışır və həmin kafedrasının professorudur.

2021-ci ildən AzTU-nun Energetika və avtomatika fakültəsinin dekanı təyin olunub.

330-dan yuxarı elmi-metodik işin, dərs vəsaiti və dərsliklərin, xaricdə nəşr olunan 1 monoqrafiyanın və 4 ixtiranın müəllifidir. 50-dən yuxarı elmi məqalələri Springer, Scopus, Web of Sience beynəlxalq istinad bazalarına daxil olan xarici ölkələrin nüfuzlu elmi nəşrlərində dərc edilib.

Mütəmadi olaraq respublikada və xarici ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda məruzələrlə çıxışlar edir.

2012-ci ildən Rusiyada fəaliyyət göstərən Y.N.Rudenko adına "Böyük energetik sistemlərin etibarlılığının tədqiqinin metodik məsələləri" beynəlxalq elmi seminarının, 2017-ci ildən onun təşkilat bürosunun və 2020-ci ildən isə Beynəlxalq Proqram komitəsinin, Gnedenko e-Forum etibarlılıq üzrə beynəlxalq forumunun (ABŞ), Rusiyada “Кибернетика энергетических систем» Beynəlxalq elmi-texniki konfransının proqram komitəsinin, eyni zamanda “ELECTRO-energetics-technics-mechanics+control” Beynəlxalq Elmi-İstehsalat jurnalının, AzTU-nun “Elmi Xəbərlər” jurnalının, Fizika İnstitutunun “Energetikanın problemləri” jurnalının, Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri (ADNSU) jurnalının, 2023-cü ildən isə Rusiyada (Moskva şəhəri) nəşr olunan və Rusiya AAK-nın bazasına daxil edilmiş “Электрические станции”, “Энергетика. Известия РАН”, “Энергетик” jurnallarının və Scopus bazasında indeksə olunan “Rudenko International Conference “Methodological Problems in Reliability Study of Large Energy Systems” (RSES 2024) E3S Web of Conferences dövrü nəşrinin redaksiya heyətlərinin üzvüdür. 

AzTU-da fəaliyyət göstərən fəlsəfə və elmlər doktorluğu dissertasiyalarının müdafiəsi üzrə E2.04 Dissertasiya şurasının sədr müavini və həmin Şuranın “Elektrik stansiyaları (elektrik hissəsi) və elektroenergetik sisemlər” ixtisası üzrə elmi seminarının sədridir. 

AzTU Elmi şurasının üzvüdür.

Yeni Azərbaycan Partiyasının üzvüdür.