Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının qərarı ilə 2020-ci ildə Hidravlika və istilik texnikası və Elektroenergetika və Elektrik təchizatı sistemləri kafedraları birləşib. İki kafedranın bazası əsasında Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrası yaradılıb.
Elektroenergetika və elektrik təchizatı sistemləri kafedrası 1976-cı ildə yaradılıb. Kafedrada 2016-2020-ci illərdə dövlət büdcəsi xətti ilə “Elektrik sistemlərinin bəzi spesifik məsələlərinin həlli” mövzusunda 1 elmi-tədqiqat işi aparılıb. Hidravlika və istilik texnikası kafedrası isə 2019-cu ilin dekabr ayında İstilik energetikası ilə Mexanika kafedralarının tərkibindən hidravlika yönümlü fənlərin birləşməsi nəticəsində yaradılıb.
İstilik energetikası kafedrasının təməli Azərbaycan Politexnik İnstitutu (AzPİ) yarandığı gündən fəaliyyət göstərən Elektrotexnika və istilik texnikası kafedrasının bazası əsasında təşkil olunub. Kafedra 1962-ci ildən İstilik texnikası və istilik mühərrikləri, 1975-ci ildən İstilik texnikası və istilik qurğuları, 2000-ci ildən İstilik və soyuqluq texnikası, 2016-cı ildən İstilik energetikası adları ilə fəaliyyət göstərib. Hidravlika kafedrası ilk dəfə AzPİ-nin tərkibində 1952-ci ildə yaradılan Qızdırma, ventilyasiya, kanalizasiya və hidravlika kafedrasından ayrılıb Hidravlika və hidravlik maşınlar adı ilə fəaliyyət göstərib.
Bu kafedraların birləşməsi əsasında yaradılan Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrası bir çox xarici və yerli təhsil müəssisələri ilə elmi əməkdaşlıq edir.
Kafedrada bakalavr səviyyəsində 1 ixtisas, magistr səviyyəsində 3 ixtisas, doktorantura səviyyəsində 3 ixtisas üzrə mütəxəssis hazırlanır.