İqtisadiyyat və idarəetmə İqtisadiyyat və statistika kafedrası

Kafedra müdiri




İqtisadiyyat və statistika kafedrasının müdiri,
dosent Arzu Sahib oğlu Süleymanov
Mob: (+994) 55 227 16 46
Tel: (+994) 12 539 12 14
E-poçt: suleymanov.arzu@aztu.edu.az

Arzu Sahib oğlu Süleymanov 1989-cu ildə Goranboy rayonunda anadan olub. Orta təhsilini həmin rayonda bitirib və 2006-cı ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və iqtisadi kibernetika fakultəsinin tətbiqi riyaziyyat  ixtisasına qəbul olunub. 2010-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirərək  həmin ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və iqtisadi kibernetika fakultəsinin optimal idarəetmənin riyazi-iqtisadi üsulları ixtisasında magistratura səviyyəsi üzrə təhsilini davam etdirib və 2012-ci ildə fərqlənmə  diplomu ilə bitirib.

2013-cü ildə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda “5302-01” – Ekonometriya ixtisasında doktorantura səviyyəsinə daxil olub, 2016-ci il 13 dekabr tarixində “Azərbaycanın ümumi tarazlıq modeli timsalında investisiyaların ölkə iqtisadiyyatına təsirlərinin qiymətləndirilməsi” mövzusunda dissertasiya işini Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən FD.02.016 Dissertasiya şurasının iclasında müdafiə edib və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 30 noyabr 2017-ci il tarixli qərarı ilə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Daha sonra elmi-tədqiqat istiqamətində fəaliyyətini davam etdirməklə Ali Attestasiya Komissiyasının 12 fevral 2020-ci il tarixli qərarı ilə 5302.01 – Ekonometriya; iqtisadi statistika ixtisası üzrə dosent elmi adına layiq görülüb.

Arzu Sahib oğlu Süleymanov 03 fevral 2011-ci il tarixində İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda Makroiqtisadi tədqiqatlar şöbəsinin baş mütəxəssisi olaraq əmək fəaliyyətinə başlayıb. 07 yanvar 2012-ci il tarixindən Makroiqtisadi tədqiqatlar şöbəsinin böyük elmi işçisi, 25 fevral 2014-cü ildən isə Makroiqtisadi tədqiqatlar şöbəsinin müdiri vəzifəsinin icraçısı olub, struktur dəyişiklikləri ilə əlaqədar olaraq 07 noyabr 2014-cü ildən İqtisadi modelləşdirmə və analitik təhlil şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Hazırda İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun İqtisadi modelləşdirmə və analitik təhlil şöbəsində 0.5 ştat vahidi ilə baş elmi işçi vəzifəsində çalışır.

O, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda işlədiyi müddətdə yaradılan “Sosial Hesablar Matrisinin qurulması və modelləşdirmə” qrupunun üzvü olaraq, Azərbaycan Respublikasının sosial-iqtisadi göstəricilərinin təhlili və proqnozlaşdırılmasının Ümumi Tarazlıq Modeli-AzMOD-un məlumat bazasının formalaşdırılmasında fəal iştirak edib. Eyni zamanda müxtəlif tədbir, konfrans və elmi-praktiki seminarlarda, “Practical General Equilibrium Modeling with GAMS” (2012), “Practical CGE Modeling with GAMS for Economic Cooperation Organization Member States” (2014) kimi beynəlxalq təlimlərdə fəal iştirak edib. 2014-cü il tarixdə Beynəlxalq Valyuta Fondunun və Birləşmiş Vyana İnstitutunun Vyana şəhərində təşkil etdiyi “Makroiqtisadi diaqnostika”, 2015-ci il tarixdə isə Beynəlxalq Valyuta Fondu və Gürcüstanın Maliyyə Nazirliyinin Tbilisi şəhərində təşkil etdiyi “Fiskal təhlil və proqnozlaşdırma” kurslarını uğurla bitirərək Sertifikat əldə edib.

A.Süleymanov Elmi-tədqiqat profilinə uyğun olaraq 20-dən çox elmi əsərin müəllifidir.