İnformasiya təhlükəsizliyi (tədris planı) (təhsil proqramı)
İnformasiya təhlükəsizliyi ixtisası informasiya sistemlərinin, kompüter şəbəkələrinin və rəqəmsal verilənlərin qorunması ilə bağlı bilik və bacarıqları öyrədən mühəndislik sahəsidir. Bu ixtisasın əsas məqsədi kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyini təmin edəcək mütəxəssislər hazırlamaqdır. Belə mütəxəssislərə bank sektorunda, dövlət qurumlarında, telekommunikasiya və texnologiya şirkətlərində böyük ehtiyac var.
İnformasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan tələbələr informasiya təhlükəsizliyi auditinin aparılması, boşluqların aşkarlanması və aradan qaldırılması, kibertəhdidlərin analizi və monitorinqi, insidentlərin cavablandırılması, təhlükəsizlik arxitekturasının layihələndirilməsi, informasiya təhlükəsizliyi həllərinin yaradılması, kriptoqrafik protokolların tətbiqi kimi bilik və bacarıqlara yiyələnirlər.
Müasir əmək bazarının tələblərinə uyğun olaraq, kiberhücum (Red team) və kibermedafiə (Blue team) istiqamətləri üzrə müvafiq bilik və bacarıqları formalaşdırmaq üçün tələbələrə şəbəkələrin əsasları, əməliyyat sistemləri, şəbəkə təhlükəsizliyi, veb təhlükəsizliyi, kriptoqrafiya, sızma testləri və etik hakerlik, bulud və IoT təhlükəsizliyi, risklərin idarə olunması, rəqəmsal kriminalistika, kibertəhlükəsizliyin hüquqi aspektləri kimi bir sıra fənlər tədris olunur.