Azərbaycan Texniki Universitetinin (AzTU) Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasında Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərindən biri olan (SDG 6) Təmiz su və sanitariya üzrə elmi seminar keçirilib.
Seminar su ehtiyatlarının dayanıqlı idarə olunması, içməli suya əlçatanlığın artırılması və sanitariya xidmətlərinin inkişafı mövzularına həsr olunub. Tədbirin əsas məqsədi SDG 6-nın icrası istiqamətində mövcud elmi yanaşmaların və innovativ həllərin müzakirəsi, aktual problemlərin müəyyənləşdirilməsi, eləcə də elmi ictimaiyyətlə müvafiq qurumlar arasında əməkdaşlığın gücləndirilməsi olub.
Seminarda çıxış edən kafedra müdiri professor Fəxrəddin Yusubov SDG 6 – Təmiz su və sanitariya məqsədinin qlobal və regional əhəmiyyətini vurğulamış, su ehtiyatlarının qorunması və səmərəli idarə olunmasının müasir dövrdə prioritet məsələlərdən biri olduğunu qeyd edib. O, bu sahədə aparılan elmi-tədqiqatların mühüm rol oynadığını bildirib, universitetlər və elmi müəssisələr arasında əməkdaşlığın genişləndirilməsinin dayanıqlı nəticələrin əldə olunmasına mühüm töhfə verəcəyini diqqətə çatdırıb. Eyni zamanda, gənc tədqiqatçıların Dayanıqlı İnkişaf Məqsədləri üzrə elmi fəaliyyətlərə cəlb olunmasının vacibliyi xüsusi qeyd edilib.
Seminar çərçivəsində SDG 6 üzrə elmi biliklərin mübadiləsi aparılıb, prioritet istiqamətlər müəyyən edilib və gələcək tədqiqatlar, eləcə də institusional əməkdaşlıq imkanları müzakirə olunub. Kafedra əməkdaşları su və sanitariya sahəsində dayanıqlı həllərin yalnız elmi əsaslara söykənən, sistemli və çoxtərəfli əməkdaşlıq çərçivəsində mümkün olduğunu vurğulayıblar.